Azərbaycanda müxtəlif səbəblərdən şəxsiyyət vəsiqələrini dəyişən kişilərə yeni nəsil vəsiqələrin verilməsində problem yaranıb.
 
RePost.Az-ın məlumatına görə, problemlə yeni şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN Xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlar üzləşib.
 
Söhbət qeydiyyat ünvanı dəyişmiş və nigaha daxil olmuş şəxslərdən gedir. Bu kateqoriyadan olan kişilərə Daxili İşlər Nazirliyinin (DİN) Baş pasport, qeydiyyat və miqrasiya idarəsi tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrindən verilməsindən imtina olunur və köhnə nəsil vəsiqələr verilir.
 
Buna səbəb yeni elektron sistemə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tam, Ədliyyə Nazirliyinin isə qismən qoşula bilməməsidir. Son nəticədə yeni ünvanda qeydiyyata düşmüş və yenicə ailə qurmuş kişilər yeni nəsil şəxsiyyət vəsiqəsi ala bilmirlər.
 
Qeyd edək ki, verilməsinə bu il sentyabrın 1-dən başlanılmış yeni vəsiqələr elektron imza ilə təchiz edilib. Bununla belə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xidmət haqqını müəyyən etməməsi ilə əlaqədar elektron imzaların aktivləşdirilməsi də ləngiyir.
 
"Bütün yeni layihələrin reallaşdırılması zamanı hansısa texniki xətalar yarana bilər. Bu baxımdan, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi də istisna deyil. Yəni sistemlərin inteqrasiyası zamanı texniki nasazlığın olması qaçılmazdır və müşahidə olunan kiçik çatışmazlıqlar dərhal aradan qaldırılır, yaranmış xırda texniki məsələlər dərhal aidiyyəti orqanların məsul əməkdaşları tərəfindən həll olunur. Yəni vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsindən imtina edilməsindən söhbət belə gedə bilməz", - DİN mətbuat xidmətinin rəisi Orxan Mansurzadə problemə aydınlıq gətirib. 
 
RePost.Az

Baxış sayı: 4245 | Tarix: 08.09.2018
Bizi Telegramda izləyin: @repostaz