Millət vəkili Fərəc Quliyev soyad sonluqlarının məcburi şəkildə dəyişdirilməsini məqsədəuyğun sayıb.
Oxu.Az xəbər verir ki, millət vəkili bunu parlamentin növbəti plenar iclasında çıxışı zamanı deyib.
O, bildirib ki, keçmiş SSRİ dövründə, Stalinin hakimiyyəti zamanında Azərbaycan xalqına qarşı bu məsələdə də böyük haqsızlıq və ədalətsizlik edilib:
“İndi isə nə Stalin dövrü, nə 37-ci ildir. Biz müstəqil dövlətik və bu məsələdə məcburilik mütləq öz həllini tapmalıdır”.
Millət vəkili Aqil Abbas isə həmkarının təklifinə etiraz edib, bildirib ki, bu məsələdə könüllülük prinsipi olmalıdır:
“Kimisə məcbur etmək olmaz ki, sən belə elə. Məsələn, bizim şəcərəmizdə, kəndimizdə 5 mindən artıq insan Abbasov soyadı daşıyır. İndi onlara demək olmaz ki, gedin soyadınızı dəyişin…Bu, düzgün olmaz. Düzdür, mən soyad sonluğumu dəyişmişəm, çünki yazıçıyam, ona görə belə etmişəm, amma bunu hamıdan məcburi qaydada tələb etmək olmaz. Üzeyirbəy Hacıbəyovu biz həmişə Hacıbəyov kimi tanımışıq, indi onu Hacıbəyli kimi yazırlar, düzgün deyil”.
Məsələyə yarızarafat, yarıciddi toxunan spiker Oqtay Əsədov öz növbəsində belə deyib.
“Əli müəllim (komissiya sədri Əli Hüseynli nəzərdə tutulur), mən elə bildim ki, siz Fərəc müəllimə sual verəcəksiniz ki, sən özün niyə soyadını dəyişdirmirsən?!”
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ə. Hüseynli də məsələyə toxunaraq, bildirib ki, indi yeni nəsil milli familiyaların fərqli sonluğundan ibarətdir:
“Burada heç bir problem yoxdur. Köhnə nəsil isə öz soyadını dəyişdirmək istəyi onların öz seçimidir”.