Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov tutduğu vəzifədən azad edilib. 
 
RePost.Az-ın Unikal.org-a istinadən məlumatına görə, Ə.Əsgərov öz istəyi ilə vəzifəsindən gedib. 
 
Qeyd edək ki, Əli Əsgərov Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərovun qardaşıdır.
 
Xatırladaq ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov da öz xahişi ilə işdən azad edilib.
 
İlqar Qurbanov Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qardaşıdır.
 
Əli Əsgərov vəzifəsindən getməsinin səbəbini Unikal.org-a açıqlayıb. 
 
Sabiq sədr bildirib ki, pensiya yaşına çatmağına hələ üç il qalmasına baxmayaraq öz istəyi ilə işdən çıxıb:
 
"Mən uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım”.
 
Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib: "Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah hər şey yaxşı olacaq”.
 
RePost.Az

Baxış sayı: 4131 | Tarix: 14.12.2018
Bizi Telegramda izləyin: @repostaz