Dünyada kəskin hava şəraiti hökm sürür
Qarlı-şaxtalı hava şəraiti dünyanın əksər ölkələrində çətin vəziyyət yaradıb. Yaponiyanın şimal və mərkəzi regionlarında qeyri-sabit hava şəraiti ilə əlaqədar 40-dan çox aviareys ləğv edilib. RePost.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, güclü qar səbəbindən Niiqata şəhər aeroportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Yerli aviaşirkətlər pis hava şəraiti davam edəcəyi təqdirdə ləğv olunan reyslərin sayının artacağını istisna etmir. Həmçinin Naqoya və Osaka arasında sürətli qatarların hərəkətlərində fasilələr yaranıb.
Meteoroloqlar Niiqata şəhərinə gün ərzində 1 metr, Honsü adasının bəzi ərazilərinə 60-80 sm, Hokkaydo adasına isə 50 sm qar yağacağını proqnozlaşdırıblar.
İngiltərədə isə sel təhlükəsi ilə əlaqədar minlərlə insan təxliyə edilib. Britaniyanın Ətraf Mühit Agentliyinin məlumatında yaxın günlər üçün gözlənilən daşqınların insanların həyatı üçün təhlükəli olduğu bildirilir. Agentliyin göstərişi ilə təxliyə olunan sakinlər yaxın ərazilərdə yerləşdirilib.
Ümumiyyətlə, Avropanın əksər ölkələrində kəskin hava şəraiti hökm sürür. Bununla əlaqədar, son günlər Rusiyada, Türkiyədə bir çox aviareyslər təxirə salınıb, məktəblərdə tətil elan olunub, Polşa, İtaliya kimi ölkələrdə donvurma insanların həyatına son qoyub.
RePost.az