Ölkəmizin “Rus NATO-su”na tərəfdaş və ya müşahidəçi kimi qoşulması üçün hüquqi əngəl qalmadı; Bakının isə şərti var, elə Ankaranın da..; bu gün Putinin qəbulunda olacaq Paşinyanı daha bir sürpriz gözləyir...
Ermənistanın yeni hakimiyyəti xarici siyasətdə ilk ciddi uğursuzluğa imza atdı. Nikol Paşinyan hökumətinin “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan təmsilçisini baş katib gətirmək cəhdi fiasko oldu. Bu məsələdə İrəvanın öz veto hüququndan istifadə edəcəyi barədə hədə-şantaj da işə yaramadı.
Artıq Ermənistan fakt qarşısında qalıb. Çünki yeni baş katibliyə real namizəd - belaruslu general, vaxtilə ilk hərbi təhsilini Bakıda almış general Stanislav Zasya artıq digər 4 üzv dövlət - Rusiya, Qazaxıstan, Tacikistan və Qırğızıstandan onların prezidentləri səviyyəsində razılıq alıb. 5-ci üzv dövlət olan Belarusun prezidenti Aleksandr Lukaşenko isə ötən həftə Zasyanın KTMT-nin təzə baş katib təyin edilməsi haqda sərəncam imzalayıb.
Putin də Zasyanı qəbul edib. Lakin maraqlıdır ki, dekabrın 18-də baş tutan görüş barədə Kremlin saytında heç bir məlumat getməyib. Bu barədə “Kommersant” qəzeti yazıb. Rusiya XİN-in KTMT-yə yeni baş katib məsələsi ətrafında gedən proseslərdən yaxşı məlumatlı əməkdaşı isə nəşrin əməkdaşına bildirib ki, rəsmi Kreml təyinat məsələsinin bu ilin sonunadək tam yoluna qoyulacağına ümid edir. “Fikrimcə, Vladimir Putinlə Nikol Paşinyan arasında dekabrın 27-dəki Moskva görüşündən sonra məsələyə aydınlıq gələcək.
Arzuolunandır ki, Yeni il pozitivdən başlansın. Ümidvarıq ki, dekabrın 27-də hər şey həll olunacaq. Biz erməni tərəfinin müdrikliyinə və 5 prezidentin rəyinin nəzərə alınacağına ümid bəsləyirik. Əgər sən təşkilatın üzvüsənsə onda kompromisə də hazır olmalısan”, - deyə Rusiya diplomatik qaynağından bir az da hədələyici tonda bildirilib.
Beləcə, təklənmiş Ermənistan bu vəziyyətdə çətin ki, öz veto hüququndan istifadə etməklə, “axına qarşı” getməklə nəyəsə nail olsun. Təşkilat üçün ciddi strateji önəm kəsb eləməyən işğalçının yerində Rusiya olsaydı, onda yenə nəsə başqa nəticə gözləmək olardı. Amma Ermənistanla hesablaşan kimdir...
*****
Rusiya və KTMT-dəki Azərbaycana dost ölkələr Bakıda hərbi təhsil almış və Azərbaycanın hərbi və siyasi elitasına yaxşı tanış olan belorus generalın təşkilatın baş katib olmasına qısa zamanda razılıq verməsi əslində həm də Bakıya siyasi reveransdır. Hədəf şübhə yox ki, həm də Güney Qafqazın açar dövləti kimi Azərbaycanı quruma tərəfdaş və ya müşahidəçi qismində qoşulmağa təşviq eləməkdir. “Yeni Müsavat” xatırladır ki, KTMT-nin 6 noyabr Astana toplantısında quruma tərəfdaş və ya müşahidəçi ölkələrin statusu haqda əsasnamə-protokol qəbul edilib.
Yeri gəlmişkən, srağagün Vladimir Putin həmin sənədlərin təsdiqlənməsi haqda sərəncam imzalayıb. “RİA-Novosti” xəbər verib ki, protokolların imzalanmasının KTMT sammitində həyata keçirilməsi məsləhət görülür. Yəqin ki, həmin sammitdə yeni baş katib də təsdiqlənəcək.
Sənədə əsasən KTMT yanında müşahidəçi - qurumun hüquqi bazası və iş təcrübəsini öyrənməkdə maraqlı olan ölkə və təşkilatlardır, tərəfdaşlar isə qurumla qarşılıqlı maraq kəsb edən sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı üstün tutan ölkə və təşkilatlar olacaq. Bundan əlavə, müşahidəçilərdən fərqli olaraq, tərəfdaşlar KTMT-nin praktik tədbirlərində iştirak eləməklə bağlı öhdəlik götürməli olacaqlar. Bir sözlə, tərəfdaş ölkə təşkilatla daha sıx əlaqələrdə olacaq, nəinki müşahidəçi ölkə.
*****
Əlbəttə ki, KTMT-yə tərəfdaş statusu da hələ təşkilata üzvlük demək deyil. Bununla belə, Azərbaycan bu statuslardan biri vasitəsilə postsovet məkanında yeganə hərbi-siyasi qurum olan “Rus NATO-su”nun daxilində gedən proseslərdən, ovqatdan vaxtında xəbərdar ola bilər. Bu da qurumun üzvü olan işğalçı Ermənistana qarşı daha effektli siyasət qurmağa imkan verər. Hətta rusiyalı hərbi ekspertlərdən biri bildirmişdi ki, belə olarsa, Bakı Rusiyadan daxili bazar qiymətlərinə, yəni xeyli ucuz qiymətə silah-sursat ala biləcək. Bu da başqa bir şirnikləndirici məqam sayıla bilər.
Lakin rəsmi Bakı hələ ki qəti mövqe bildirməyib. Yəqin ki, yeni ilin ilk aylarında bu xüsusda konkret açıqlamanın şahidi olacağıq. Hələlik Azərbaycanın “Rus NATO-su”na qoşulması üçün tək şərti Qarabağ münaqişəsinin həllində real irəliləyişə nail olunmasıdır. Bu da gözə dəymir.
Əfsus ki, Serj Sərkisyan rejimini devirib Qarabağ klanını hakimiyyətdən uzaqlaşdıran Nikol Paşinyan Qarabağ məsələsində devirdiyi Qarabağ klanından fərqli olaraq, konstruktiv mövqe ortaya qoymağa tələsmir. Əvəzində isə nə qədər absurd da olsa, Paşinyan bu günlərdə bir daha Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılmasına İrəvanın razı olduğu barədə bəyanat verib. Qardaş ölkədən isə cavab özünü çox gözlətməyib.
“Əgər Ermənistan təcrid şəraitində yaşamaq istəmirsə, problemlərini həll etməlidir”. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nikol Paşionyanın sərhədləri qeyd-şərtsiz açmaqla bağlı son çağırışına cavab olaraq bildirib. “Ermənistanın yeni rəhbərliyi Türkiyə ilə ilkin şərt olmadan görüşə hazır olduğunu deyir, amma bizim ilkin şərtimiz dəqiqdir. Azərbaycanın həssasiyyətini nəzərə alıb hansısa addım ata bilərikmi? Əsasən həm Türkiyə, həm də Azərbaycanla əlaqələri eyni anda normallaşdıracaq addımlar atılmalı, problemlər həll edilməlidir. Bu, Ermənistan üçün daha yaxşı olar. Qarabağ məsələsini həll etmək, işğal edilmiş əraziləri azad etmək lazımdır. Ermənistan təcrid edilmiş ölkə olaraq yaşamaq istəmirsə, problemləri ortadan qaldırmalıdır. Azərbaycanın qəbul edəcəyi hər həll variantını biz də qəbul edəcəyik”, - deyə Türkiyə XİN başçısı qeyd edib.
“Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirməklə beynəlxalq hüququ kobud şəkildə pozur”. Bu sözləri isə Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib. Topçu vurğulayıb ki, “Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması həyasızlıqdan başqa bir şey deyil”.
Beləliklə, seçim indi təkcə Bakının yox, həm də və daha çox İrəvanındır...
RePost.Az