Dünən Türkiyə prezidenti Ərdoğan Moskvaya səfər edib. Qardaş ölkə hökumətindəki mənbənin bildirdiyinə görə, Ərdoğan-Putin görüşü çərçivəsində Suriya böhranı ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyətin də müzakirəsi gözlənilirdi. “Türkiyə hər zaman Cənubi Qafqazda vəziyyəti, xüsusilə də Qarabağ münaqişəsinin nizamlanmasını öz gündəmində saxlayır. Məhz Azərbaycan torpaqlarının işğalı regionda sülh və sabitliyə əsas təhdiddir”, - deyə mənbə qeyd edib.
Bundan bir gün qabaq xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan eləmişdi ki, Qarabağ münaqişəsi həll olmadan Qafqazda stabillik mümkün deyil. Türkiyə baş diplomatı İrəvanın işğalçılıq siyasətini pisləyərək onu da demişdi ki, Ermənistanla indiki şərtlər altında münasibətlərin bərpası mümkün deyil və 2019-cu ildə də Ankara bu məsələdə ardıcıl siyasətimizi davam etdirəcək. Daha öncə isə Ərdoğan erməni baş nazir Nikol Paşinyanın çağırışına cavab olaraq, bildirmişdi ki, Azərbaycan torpaqları azad edilməyincə Ermənistanla sərhədlər açılmayacaq.
Ərdoğandan 1 gün sonra, yəni bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya yollanacaq. Özü də birbaşa Davosdan və... Azərbaycan prezidenti İlham Əliyevlə saat yarımlıq görüşdən sonra. Xəbər verildiyi kimi, iki ölkənin rəhbərləri İsveçrənin Davos şəhərində qeyri-formal atmosferdə bir araya gələrək Qarabağ problemini müzakirə ediblər.
Görüşdən az əvvəl isə İlham Əliyev Çin telekanalına müsahibəsində Qarabağla bağlı Bakının mövqeyini, vəziyyətdən real çıxış yolunu bir daha həm İrəvanın, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb, Ermənistanın tək çıxış yolunun və inkişafının işğala qoymaq olduğunu xüsusi vurğulayıb. Necə deyərlər, seçim Ermənistanın yeni rəhbərliyinindir.
*****
Ermənistan baş nazirinin bunun ardınca Moskvaya yollanması diqqət çəkməklə yanaşı, Paşinyanın Putinlə “saat əqrəblərini” tutuşdurmaq istəyi qənaətini yaradır. Hərçənd Ermənistan baş nazirinin mətbuat xidməti bildirir ki, “Paşinyan Avrasiya İqtisadi Birliyinin ali orqanlarında Ermənistanın sədrliyinin prioritetləri barədə Avrasiya İqtisadi Komissiyasında çıxış edəcək”. Lakin bu, əlbəttə ki, səfərin formal tərəfidir. Putinlə görüşdə daha vacib məsələlər, o sırada hələ də acıq qalan təbii qazın qiyməti və Qarabağ mövzuları müzakirə ediləcək.
Erməni ekspert çevrələri isə Paşinyanın Davosdan dərhal sonra Moskvaya uçmasına maraqlı, eyni zamanda ironik şərh verib. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am saytı yazıb: “Paşinyan Davosdan dərhal sonra Moskvaya gedəcək. Təbiidir. Robert Köçəryan və Serj Sərkisyanın ənənəsini pozmadan, istənilən Qərb ölkəsinə səfərdən sonra o dəqiqə Moskvaya yollanmaq. Yəqin ki, məruzə eləmək üçün. Və ya təəssüratlarını bölüşməkdən ötrü. Adam Davosa - azad dünyanın iqtisadi paytaxtına gedir, orada görüşlər keçirir və çıxışlar edir ki, Ermənistanın sərmayələr üçün nə dərəcədə cəlbedici olduğunu göstərsin. Bundan dərhal sonra da Moskvaya - avtoritar, qapalı ölkələr klubunun paytaxtına gedir ki, Avrasiya Birliyinin bizdən ötrü nə dərəcədə vacib qurum olduğundan danışsın”.
Sayt Paşinyanın Moskva səfərinin həm də iki tərəf arasında təbii qazın qiyməti, KTMT baş katibi və Rusiyadakı erməni əmək miqrantları ilə bağlı problemlər fonunda olmasına da diqqət yönəldir. “Əgər daha qlobal desək, misal üçün, Qarabağ məsələsində Rusiya XİN rəhbəri Lavrov hansısa optimist bəyanatlar verir. Hamı hiss edir ki, rusların hədəfi - ”Lavrov planı"nı irəli aparmaqdır. Belə ziddiyyətli situasiya fonunda da Paşinyan Moskvaya gedir. Növbəti dəfə. Gedir ki, Putini möhkəm qucaqlasın. Elə təəssürat yaranır ki, Paşinyan ev tapşırığını yerinə yetirən nümunəvi şagird kimi Putindən “ev tapşırıqları” alır. Bunun ardınca indi ümid eləmək ki, Davos sammitinin nəticəsində və ya başqa kanallarla Ermənistana böyük sərmayələr yatırılacaq, sadəlövhlük olardı", - deyə məqalənin sonunda vurğulanır.
*****
Azərbaycan isə Ermənistandan fərqli olaraq, öz balanslı xarici siyasət kursunu uğurla davam etdirir. Paralel surətdə Ermənistanın əsas müttəfiqi Rusiya da daxil, bir sıra ölkələr hesabına özünün hərbi potensialını daha da artırmaq niyyətindədir.
“Azərbaycan Rusiya hərbi texnikasının yeni tədarükü üçün təzə kontraktların imzalanmasında maraqlıdır”. Bunu Davosda “RİA Novosti”yə açıqlamasında İlham Əliyev deyib. O, həmçinin bildirib ki, təzə anlaşmaların detallarını Azərbaycanın və Rusiyanın hərbi idarələri dəqiqləşdirəcək.
Bununla belə, İlham Əliyev Rusiya KİV-ə Azərbaycanın KTMT-yə (“Rus NATO-su”) müşahidəçi qismində belə qoşulmağa hazırlaşmadığını da söyləyib. “Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü və ya təşkilatda müşahidəçi statusu məsələsi gündəmdə deyil. Bu məsələ hələ müzakirə mərhələsində deyil”, - prezident bildirib.
Rəsmi Bakı bununla əslində diplomatik şəkildə işarə vurur ki, Dağlıq Qarabağ məsələsində ciddi irəliləyiş olmayınca, Azərbaycan əraziləri boşaldılmağa başlamayınca Rusiya bunu Bakıdan gözləməməlidir. Yəni Azərbaycan heç nə olmayıbmış kimi, işğalçı ölkə ilə eyn hərbi blokda təmsil oluna bilməz. Demək, Paşinyana daha bir “ev tapşırığı” bu yöndə Putindən ola bilər. Çünki Moskva çoxdandır ki, Azərbaycanı bu qurumda görmək istəyir. Hətta bu yaxınlarda qurum yanında müşahidəçi ölkə statusu da əksər təhlilçilərə görə, məhz Azərbaycana görə yaradılıb.
*****
“Paşinyan Moskvada müəyyən problemlər ətrafında müzakirələr açmaq niyyətindədir”. Bunu axar.az-a Ermənistan baş nazirinin Moskvaya səfərini şərh edən politoloq Qabil Hüseynli deyib.
“Müzakirələr ilk növbədə qaz problemi ilə bağlı olacaq. Çünki Rusiya Ermənistana satacağı qazın qiymətini daha da qaldırmağı düşünür. Ermənistanın Rusiyadan aldığı neft və neft məhsullarının qiymətində də bahalaşma gözlənilir. Bu baxımdan İrəvan olduqca narahatdır”, - politoloq bildirib.
Politoloq Moskvada Qarabağ məsələsinin həlli ilə bağlı gərgin müzakirələrin gedəcəyini də düşünür: “Qarabağ məsələsində Ermənistana beynəlxalq basqılar getdikcə artır. ABŞ prezidentinin Paşinyana məktubu, amerikalı senatorlarının problemin həllinin zəruriliyini irəli sürməsi, həmçinin Kremlə yaxın ideoloq və politoloqların 5 rayon məsələsində israr etməsi bunun bariz sübutudur. ”5+2 variantı"nın işə salınması geniş müzakirə edilir. Paşinyan da sözsüz ki, bir daha Rusiyanın baxışını öyrənmək və bu məsələdə öz mövqeyini Kremllə uzlaşdırmaq niyyətindədir".
Sabiq dövlət müşavirinə görə, Paşinyan Moskvanın Qarabağ məsələsinin həlli ilə bağlı təkidini zərərsizləşdirməyə cəhd edəcək və Ermənistanın “güzəştlərə” hazır olmadığını bildirəcək: “Paşinyan hazırda iki daş arasındadır. Ölkədə iqtisadi vəziyyət pisdir və etiraz səsləri ucalmağa başlayıb. İndiyədək ”ikili standartlar"dan çıxış edən dövlətlər və beynəlxalq qurumların böyük əksəriyyəti təkidlə problemin Azərbaycanın ərazi bütövlüyü daxilində həllini tələb edirlər. Moskva da bu təzyiqlərin təsiri altındadır və ona görə də məsələni hələ ki 5 rayonla yumşaltmağa cəhd edir. Əslində Rusiya bu mövqeyində kifayət qədər israrlı görünür. Paşinyanın Rusiyanın diktəsinə əməl etməyə hazır olub-olmadığı isə Moskva görüşündən sonra müzakirələrin əsas mövzusu olacaq".
“Yeni Müsavat”ın analitik xidməti