"Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti başlayanda mən də gənc idim. O vaxt mənim 32 yaşım var idi. Fürsət düşmüşkən, gənclik illərimdən bir qədər danışmaq istərdim. Mən orta məktəbi Bakıda bitirəndən sonra 1977-ci ildə Moskvaya oxumağa getdim. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldum. Beş il orada təhsil aldım, ondan sonra üç il aspiranturada oxudum, dissertasiya müdafiə etdim və mən institutda dərs deməyə başlayanda 23 yaşım var idi. İşimdən də çox razı idim. Mənim işimə heç bir irad yox idi, ta 1990-cı ilə qədər. Həmin il xalqımıza qarşı qanlı cinayət törədilmişdir, Qanlı Yanvar faciəsi baş vermişdir".
RePost.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı danışıb.
"O vaxt atam Heydər Əliyev təqaüdçü idi. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz səsini bütün dünyaya çatdırdı. Mən də onun yanında idim. Orada mətbuat konfransı keçirdi və Sovet İttifaqını, Kommunist Partiyasını və onun rəhbərliyini qətiyyətlə pislədi, bu dəhşətli cinayəti bütün dünyaya çatdırdı. Çünki o vaxt bizim sözümüz dünyaya çatmırdı. Hələ Sovet İttifaqı dövrü idi. Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heydər Əliyev kimi tanınmış şəxsiyyətin bu məsələ ilə bağlı dediyi sözlər dərhal dünyaya çatdırıldı və dünya ictimaiyyəti bundan xəbər tutdu.
Bu addım həm təbii, həm də çox cəsarətli idi. Çünki Azərbaycan xalqı, onun maraqları Heydər Əliyev üçün hər şeydən üstün idi. Bir daha bildirməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı nə vaxtsa dağılacaq. Yəni, Heydər Əliyev sovet sistemini dərindən bilən insan kimi bu addımı şüurlu şəkildə atdı. Bilirdi ki, ona qarşı çox böyük təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Bizdə olan məlumata görə, Moskvada sovet rəhbərliyi onun çıxışından çox hiddətlənmişdi və göstəriş vermişdi ki, o, həbs olunsun", - deyə Prezident bildirib.
İlham Əliyev müstəqilliyə gedən yolun məhz Naxçıvandan başladığını vurğulayıb:
"Biz müxtəlif yollarla çalışırdıq ki, o, Moskvadan Bakıya gəlsin. İndi tarixin bu səhifəsini tam açıqlamaq istəmirəm. Ancaq Bakıya gələ bildi. Lakin Bakıda da yaşamağa qoymadılar. Bakıda da ona qarşı çox böyük təzyiqlər göstərildi və o, Naxçıvana gedərək orada yaşamağa başladı. Bir müddətdən sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçdi.
Müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi məhz Heydər Əliyev Naxçıvan parlamentində qaldırdı və təsis etdi. Azərbaycan Milli Məclisi, - o vaxt Ali Sovet adlandırılırdı, - qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin".
Dövlət başçısı məhz bundan sonra onun taleyində dəyişiklik baş verdiyini söyləyib:
"Mənim taleyimdə bundan sonra dəyişiklik baş vermişdir. Mən oxuduğum və dərs dediyim institutdan çıxarıldım. Mənim işimə heç bir irad yox idi. Məni işdən çıxaranda rəhbərlik belə də demişdi ki, Sizə bizim iradımız yoxdur. Ancaq Heydər Əliyev artıq Sovet İttifaqında düşmən kimi tanınır və düşmənin oğlu belə institutda dərs deyə bilməz. Mənim üçün işsizlik dövrü başladı. Bir neçə ay işsiz qaldım. Müxtəlif yerlərdə iş axtarırdım, müraciət edirdim. Amma biləndə ki, Heydər Əliyevin oğluyam, əlbəttə ki, məni heç kim işə götürmürdü.
O vaxt Sovet İttifaqının tarixində iqtisadi sahədə müəyyən liberallıq da müşahidə olundu, özəl biznesə icazə verildi. Mən məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım. Qısa müddət ərzində çox uğurlu fəaliyyət göstərdim və öz həyatımı yenidən qurmuş oldum. İşimdən razı idim. O vaxt Moskvada yaranmaqda olan Azərbaycan icmalarının fəaliyyətinə dəstək verirdim. Yadımdadır ki, o vaxt Moskvada Azərbaycan Vətəndaş Assambleyası yaradılmışdı. O Assambleyanın qurucularından biri də mənəm. Bir biznesmen kimi Assambleyanın fəaliyyətinə ən çox maliyyə dəstəyi verən də mən olmuşam. O vaxt Moskvada Azərbaycan məktəbi təsis edilmişdi. Moskvada yaşayan azərbaycanlılardan birincisi, o məktəbə maliyyə dəstəyi verən də mən olmuşam".
Dövlət başçısı bildirib ki, gənclər hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə belə həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar:
"Mən bunları ona görə demirəm ki, özümü tərifləyim. Sadəcə olaraq, bu, tarixdir və mən istərdim ki, bizim gənclərimiz bunu bilsinlər. Bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir. Yenə də deyirəm, o vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. Mən çox yaxşı başa düşürdüm ki, əgər sovet rəhbərliyi atamı düşmən kimi tanıyırsa, mənim üçün bu cəmiyyətdə yer tapmaq çox çətin olacaq. Ancaq tale belə gətirdi ki, vəziyyət dəyişdi və bu gün Azərbaycan müstəqil dövlətdir. Bu, bizim ən böyük xoşbəxtliyimizdir. Bir daha demək istəyirəm ki, insanlar ən ağır vəziyyətdə də həmişə ümidli olmalıdırlar".
RePost.Az