Azərbaycanda məmurların bizneslə məşğul olması qanunla qadağan olunduğundan onlar korrupsiya yolu ilə mənimsədiklərini xarici ölkələrdə yatırım edirlər. Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin 4 xarici ölkədə biznes şəbəkəsi barədə məlumatlar üzə çıxıb.
RePost.Az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənlinin sosial şəbəkədə məlumat paylaşıb.
Məlumata əsasən, 2018-ci ilin yanvarından fəaliyyətə başlamış Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri cənab Qoşqar Təhməzli 2018-ci ilin yanvarından Slovakiyada hamam xalatları, aksesuarları satır. Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Təhməzlinin Slovakiyadakı Saffran S.R.O. şirkəti hotel və mehmanxanaları tekstil və hamam aksesuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk).
Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir. Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40-da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib. 25 dekabr 2017-ci ildə cənab Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir. 2018-ci il iyulun 3-də Saffran S.R.O. Belarus vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və Cavidan İmanovun (80%) adına keçirilir.
C.Həsənlinin ictimai şəkildə təqdim etdiyi faktlarda qeyd edilir ki, Saffran S.R.O.-nun fəaliyyəti Slovakiya ilə məhdudlaşmır. Təhməzlinin şirkəti Avropa şirkəti adı ilə Ukrayna bazarına da daxil olub. Nizamnamə kapitalı 21 milyon Ukrayna qrivnisi olmaqla bu ölkədə də qeydiyyata alınan şirkətin Ukraynadakı ofisi Solomensky, Vadim Hetman küçəsi 27 ünvanında yerləşir və Palamarchuk Svetlana Valentinovna tərəfindən idarə olunur.
Təhməzlinin Gürcüstanda Universal Medikal Group şirkəti fəaliyyət göstərır. Şirkət 2011-ci il dekabrın 22-də Tiflisin regional Bako Saburtalo vergi müfəttişliyində B11184596 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Şirkətin 50 faizlik hissəsi agentlik rəhbərinə, 50 faizlik hissəsi isə Türkiyə vətəndaşı Oqtay Öztürkə aiddir.
Qoşqar Təhməzlinin Azərbaycanda da biznesi var. Bakı şəhəri Molla Cümə küçəsi 103b -də yerləşən Medeks Ltd 2006-cı ildən fəaliyyətdədir.
Qeyd edək ki, Qoşqar Təhməzli 1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1995-1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997-2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004-2005-ci illərdə “Nəbz” Tibb Mərkəzinin baş direktoru, 2008-2016-cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb.
RePost.Az