Güneyli soydaşlarımız Xocalı soyqırımının ildönümü ərəfəsində İrana səfər edən Ermənistan baş naziri Nikol Paşinyanın yerli ermənilərlə “Ararat” klubunda keçirdiyi görüşdə Qarabağın Ermənistana aid olması ilə bağlı səsləndirilən şüarlara cavab veriblər. 
 
RePost.Az GünAZTV-yə istinadən xəbər verir ki. görüşdə “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılması güney azərbaycanlıların etirazına səbəb olub. Güneyli soydaşlarımız bununla bağlı sosial şəbəkələrdə İran rejimi və işğalçı ölkəyə öz etirazlarını bildirib, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu vurğulayıblar. Soydaşlarımız “Xocalı qətliamının ildönümündə Paşinyanın İrana dəvət olunmasını qınayırıq” yazılmış banner nümayiş etdirməklə Güney Azərbaycanın İranla Ermənistan arasında olan dostluq münasibətindən narahat olduğunu islam cümhuriyyəti və dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. 
 
O cümlədən, güneylilər Tehranda ermənilərə məxsus “Ararat” klubunun divarlarına “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarını yazmaqla işğalçılar qarşısında daim ana vətənin keşiyində duracaqlarını nümayiş etdiriblər. 
 
Təbrizdə işğalçı Ermənistan dövlətinin bayrağı yandırılıb.
 
Həmçinin Təbrizin “Traktor” futbol klubu ilə İsfahanın “Sepahan” komandası arasında keçirilən görüşdə də Dağlıq qarabağın Azərbaycan torpaqları olmasına dair şüarlar səsləndirilib. 50 mindən çox azarkeşin “Qarabağ bizimdir, bizim olacaq” şüarından stadion lərzəyə gəlib.
 
Stadionda Azərbaycan bayrağı dalğalandlırılıb.
 
Çox maraqlıdır ki, ermənilərin Qarabağa dair şüarların göz yuman fars rejimi azərbaycanlılara qarşı represiyalara başlayıb. Oyun ərəfəsində alnına “Qarabağ” yazmış 3 soydaşımız Ehsan İsmaildoxt, Mehdi Həmzeyi və Babək Siyami təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 
 
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda səfərdə olarkən erməni icması ilə “Ararat” klubunda görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır və Son” yazılmış plakatın qaldırılmasına İranın icazə verməsi güneyli soydaşlarımızın narazılığına səbəb olub. 
 
RePost.Az
 

 


Baxış sayı: 4416 | Tarix: 02.03.2019
Bizi Telegramda izləyin: @repostaz