“Görünən odur ki, məlum səbəblərə görə Türkiyə İran daxilində etnik dəyişiklikdən narahatdır. Ancaq Türkiyə öz nigarançılığının dərmanını Cənubi Azərbaycanın azadlığında görə bilər”.
APA xəbər verir ki, bunu “İran yeni baxış bucağında” adlı tədbirdə Cənubi Azərbaycanın milli fəalı, “Gunaz TV”nin rəhbəri Əhməd Obalı deyib.
Əhməd Obalı Türkiyə ilə sərhəddə PKK-nın İran qanadı olan PJAK təhlükəsindən danışıb.
“Qərbi Azərbaycanın sərhədi Türkiyədir və bu gün Qərbi Azərbaycanda PJAK təşkilatı daha güclüdür. İllər əvvəl də Urmiya yaxınlığında PKK-nın bazalarının olması ilə bağlı Türkiyəyə məlumat verilib. PKK-nın əsas kökü İrandadır. PKK-nın İrandakı rəsmi qolu PJAK-dır. PJAK-ı İran özü yaradıb, ancaq indi PJAK özü İran üçün təhlükəyə çevrilib. Cənubi Azərbaycan azad olarsa, bizim aramızda heç bir PKK, kürd zolağı ola bilməz. Qardaş Türkiyədən addımlar gözləyirik, Türkiyədən gələn müsbət siqnal bizim hərəkatımıza təkan verər, necə ki, Azərbaycan Prezidentinin dəstəyi buna təsir edir”.