Müdafiə naziri Zakir Həsənov Ermənistan müdafiə naziri David Tonoyanın “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” açıqlamasına münasibət bildirib.
Zakir Həsənov AZTV-yə müsahibəsində bildirib ki, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar.
“Hesab edirəm ki, Tonoyan hərbçi deyil. O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu-Yorkda - erməni lobbisinin qarşısında deyib. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var”.
Zakir Həsənov bildirib ki, bu sözləri eşidəndə onların, doğrudan da, hücuma keçməsini arzulayıb.
“Hücuma keçsəydilər, mən onunla Yerevanda görüşərdim. Lakin onların hücuma keçməyə imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin dörd-beş qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm”.
RePost.Az