Bakının Suraxanı rayonunda qadınlar aeroport yolunu bağlayıblar.
 
Bu barədə hadisə şahidləri BAKU.WS-ə bildiriblər. Vətəndaşlar Yeni Suraxanı qəsəbəsinə içməli su verilmədiyi üçün etiraz ediblər.
 
Yolun bağlanması nəticəsində ərazidə böyük tıxac yaranıb. Polisin müdaxiləsindən sonra yol açılıb və avtomobillərin hərəkəti bərpa olunub.
 
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə açıqlamasında bildirib ki, yaxın vaxtlarda ərazidə yaranmış problemlər tam aradan qaldırılacaq.
 
 “Suraxanı rayonu Samir Əliyev küçəsində əvvəllər tamamilə su yox idi. Biz ötən illər həmin küçənin bir hissəsində şəbəkə qurmuşuq, camaata su vermişik, amma bir hissəsində hələ də içməli su, mərkəzləşmiş şəbəkə yoxdur. Həmin ərazidə olan vətəndaşlar şəbəkə qurulmasını, onların da su ilə təmin olunmasını istəyir.
 
Camaatın tələbi odur ki, orda şəbəkə qurulsun, evlərinə su xətti çəkilsin, sayğac quraşdırılsın, evlərində su olsun. Bu bizim planımızda var, onu icra edəcəyik.
 
Bakı şəhəri və onun ətrafı qəsəbələrində bu işlər mərhələli şəkildə həyata keçirilir. Çox kiçik bir hissə qalıb, onu da növbəti mərhələdə həll edəcəyik”, - deyə Anar Cəbrayıllı bildirib.
 
RePost.Az
 


Baxış sayı: 3428 | Tarix: 18.04.2019
Bizi Telegramda izləyin: @repostaz