Bu gün əziz müəllimimin, filologiya elmləri doktoru,professor İslam Qəriblinin doğum günüdür.Bu ilıq yaz səhərində sevimli müəllimim ömrünün 65 illiyini yaxınları, doğmaları ilə birgə qeyd edir.65 ilə gəlib çatmaq hünər deyil, hünər bu ömrü kişi kimi yaşamaq,el-obanın məhəbbətini qazanmaqdır.Məşhur bir kəlamda deyildiyi kimi: “Həyatın mənası yalnız yaşamaqda deyil, nəyin xatirinə yaşamaqdadır”.
İslam Qəribli nəyin xatirinə yaşadığını bilən, tanrı tərəfindən ona verilən ömür payını layiqincə dəyərləndirməyi bacaran şəxsiyyətlərdəndir. Etiraf edək ki,hər bir ziyalı,alim ,müəllim şəxsiyyətə çevrilə bilmir.Şəxsiyyət olmaq üçün insanın duyan qəlbi, yaradanı və yaradılanları sevən ürəyi, düşünən beyni, verilənləri dəyərləndirə bilən zəkası olmalıdır.Tam səmimiyyəti ilə deyirəm ki,mənim tanıdığım İslam Qəriblidə bu xüsusiyyətlərin hamısı cəmləşib.Doğulduğu yerlərin ecazkar təbiəti var xarakterində.Lerik dağlarının vüqarı duyulur əzəmətli duruşunda, çaylarının əks-sədası var səsində,kənd insanlarının səmimiliyi hopub yazılarına,deyimlərinə,xarakterinə.Mərdanəlik,ağayanalıq var simasında. Seyid adının ucalığını,ülviyyətini həmişə qorumağa çalışıb,işi,ailəsi ,mənəvi dəyərlərə sadiqliyi ilə həmişə ətrafdakılarına örnək olub İslam Qəribli.65 yaşının qazancı saydığı ağ saçları qocalığın yox, ucalığın rəmzidir deyərdim.Uzun illər Bakıda yaşasa da, həmişə bir ayağı doğulduğu Lerik rayonundadır.Elə yubiley günündə də Lerikdə olacaq, “Atamı yuxuda görmüşəm,qəbrini ziyarət etməliyəm” deyir.
İslam müəllim onu dünyaya gətirən valideynlərini, el-obasını,onların xeyir-şərini, “əlini çörəyə çatdıran” müəllimlərini heç vaxt unutmur.Bu insanı başqalarından fərqləndirən tamamən müsbət aurasıdır,ətrafı,həmsöhbətləri ilə xoş münasibət qurmaq bacarığıdır,şux zarafatlarıdır,ibrətamiz məsləhətləridir.Dərs dediyi Lənkəran Dövlət Universitetində tələbələrin hər dərsini səbirsizliklə gözlədiyi müəllimlərdəndir professor İslam Qəribli.
Dünyanın yaradılışından insanlar onların yaşaması üçün vacib olan çox sənətlərə yiyələniblər.Həyat inkişaf etdikcə bu peşələrin də sayı artıb,yaşam tərzimizi formalaşdırıb. Bu sənətlərin içində elələri var ki,insan onsuz keçinə bilməz.Bu gərəkli peşə sahibləri müəllimlərdir, elm-sənət yolunu bizlərə öyrədənlərdir,öyrətmənlərdir. Onların da ən kamili alim adlanır.Dahi Nizami Gəncəvi alimləri- elm, bilik fədailərini hamıdan uca sayır:
Rütbələr içində seçilir biri,
Hamıdan ucadır alimin yeri.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri ,filologiya üzrə elmlər doktoru,professor İslam Qəribli alimlik zirvəsinə müəllimlikdən gəlib.Doğulduğu Lerik rayonunun Molalan kəndində müəllimlik ən şərəfli peşə sayıldığından,müəllimlərinə olan sonsuz sevgidən özü də müəllim olmaq qərarına gəlib.Arzusunu realllaşdırmaq üçün sənədlərini Azərbaycan Dövlət Pedaqoji Universitetinə verir.İmtahan sınağından üzüağ çıxıb tələbə adı qazanan lerikli gənc bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirməyə nail olur. Özü də təkcə dərslərini oxumaqla işini bitmiş hesab etmir,bədii və elmi yaradıcılıqla məşğul olur,dövri mətbuatda elmi və publisistik yazılarla, şeir və hekayələrlə çıxış edir. Fitri istedadı, zəngin mütaliəsi,gərgin axtarışlar nəticəsində bu gün 65 yaşlı yubilyardan həm alim, həm yazıçı, həm şair, ən əsası isə-müəllim kimi söz aça bilərik.Onu da qeyd edək ki,sevərək seçdiyi müəllimlik peşəsinə ömrünün bu çağına kimi sadiq qalıb İslam müəllim.
Xatırladaq ki,ali məktəbi bitirdikdən sonra Biləsuvar və doğulduğu Lerik rayonunun müxtəlif kənd məktəblərində müəllim işləyib, ana dili və ədəbiyyat fənnnini sevə-sevə tədris edib, davamçılarını yetişdirib.Kənd müəlliminin elmi araşdırmaları,tədqiqatları diqqəti cəlb etdiyindən 36 yaşlı gənc AMEA-nın Nizami adına Ədəbiyyat İnstituna dəvət edilib.30 ilə yaxındır ki, bu elm ocağında çalışan İ.Qəribli hazırda həmin institutun Yeni Dövr Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.Azərbaycan romantizminin yaradıcılarından biri olan Məhəmməd Hadinin yaradıcılığı barədə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.O, 20-yə qədər elmi kitabın müəllifidir,10-dan artıq kitabın tərtibçisi və ön szöün müəllifidir,elmi jurnallarda və konfranslarda 100-dən artıq elmi məqalə və məruzələrlə çıxış edib.İslam Qəribli həm də gözəl şair və publisistdir. “Gecikmiş görüş” şeirlər kitabı Bakıda və Tehranda nəşr edilib.Publisistik yazılarına görə “Qızıl qələm”mükafatına layiq görülüb. “Şairlər millətin baş əsgəridir,qanından millətə şair qan verir” deyən, tədqiqatçı,publisist,müəllim İslam Qəribliyə yubiley arzumuzu öz yazdığı şeirlə tamamlayırıq:
Xislətin nədirsə,şeirin də odur,
Xiffətlər,əzablar yormasın səni.
Tanrıya sığınan Tanrı bəndəsi-
Arzum-Tanrı özü qorusun səni!
Tanrı sizi qorusun gözəl ziyalı, gözəl alim, gözəl insan!65 illik yubileyiniz mübarək!
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin dissertantı.