Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
 
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, bu müddət ərzində Azərbaycana gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılan Fan-zonada, habelə Sahil bağı və “Qış Parkı”nda təşkil edilən əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi xidmətə cəlb edilən polis əməkdaşları tərəfindən təmin edilir.
 
 
“Hər hansı bir təxribatın və qanunazidd hərəkətlərin qarşısını əvvəlcədən almaq üçün qeyd edilən ərazilərə daxil olan hər bir şəxs polis postlarında ciddi yoxlamadan keçirilir. Həmçinin, Fan-zonaya dəniz istiqamətindən kənar müdaxilənin qarşısını almaq məqsədilə polis-patrul kateri sutkalıq xidmətə cəlb edilib”, - deyə nazirliyin yaydığı məlumatda vurğulanır.
 
Qeyd olunur ki, final oyununa qədər “Çelsi” və “Arsenal” komandalarının təlim-məşq bazalarına təhlükəsiz şəraitdə hərəkət etmələri, habelə şəhərdə nəqliyyatın düzgün nizamlanması üçün əlavə yol-patrul naryadları xidmətə cəlb ediliblər. Bununla yanaşı, gələn qonaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində qarşılanması, onların təhlükəsiz şəraitdə qaldıqları ünvanlara çatdırılmaları üçün polis postları yaradılıb.
 
Respublika ərazisində strateji əhəmiyyətli obyektlərdə, o cümlədən, xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndirilib.
 
Yerli azərkeşlərin stadiona daşınması üçün metronun “Qara Qarayev” və “28 May” metrostansiyalarının qarşısında yaradılan avtodayanacaqlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə həmin yerlərdə polis əməkdaşları xidmətə cəlb edilib.
 
 
 
 

Baxış sayı: 4511 | Tarix: 29.05.2019
Bizi Telegramda izləyin: @repostaz