Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin adını daşıyan kinoteatr istifadəyə verilib.
RePost.Az xəbər verir ki, Şəkidə fəaliyyətə başlayan “Çingiz” kinoteatrı Çingiz Mustafayev adına Fond, “Dad” Şirkəti, ANS Şirkətlər Qrupu və “Balans” Studiyasının dəstəyi ilə yaradılıb.
20 ildən artıq müddətdə fəaliyyət göstərən kinoteatrın binası əsaslı təmirdən sonra Çingiz Mustafayevin doğum günündə yenidən tamaşaçıların ixtiyarına verilib.
Kinoteatrın açılış mərasimində ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, xalq artistlıri Cənnət Səlimova, Oqtay Mirqasımov, əməkdar incəsənət xadimi Ayaz Salayev, Şəki və ətraf rayonlardan olan mədəniyyət xadimləri, yerli ictimaiyyyətin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Vahid Mustafayev göstərdiyi diqqət və qayğı üçün sakinlərə və media nümayəndələrinə təşəkkürünü bildirib:
“Belə layihələrlə Azərbaycan xalqına xidmət etmək qürurvericidir. Bundan sonra da bütün fəaliyyətim ərzində cəmiyyətin inkişafına dəstək verəcək layihələr həyata keçirməyə səy göstərəcəyəm.
Bu bina 20 ildən artıq Şəki əhalisinə xidmət göstərib. Biz binada müəyyən yenidənqurma işlərinə ehtiyac olduğunu gördük. Nəticədə bina əsaslı təmir olunudu və müasir avadanlıqlarla təhciz edilərək, sakinlərin istifadəsinə verildi”.
Daha sonra çıxış edən Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhid jurnalist Çingiz Mustafayevin həyat yolu və fəaliyyəti barədə sakinlərə qısa məlumat verərək, kinoteatrın yenidən qurulmasının çox gözəl təşəbbüs olduğunu vurğulayıb. O, bu addımın Şəki və ətraf rayon sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl mədəni təşəbbüs olduğunu bildirərək, belə xeyirxah işi həyata keçirənlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xalq artisti, rejissor Cənnət Səlimova bu təşəbbüsü reallaşdıran ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevə təşəkkür edib:
“Çox şadam ki, insanlarımızın, mədəniyyətimizin, dilimizin qayğısına qalan Vahid kimi vətəndaşımız var. Bu layihəni ona heç kim sifariş etməyib. Bu, onun öz təşəbbüsüdür və çox gözəl addımdır”.
Tədbirdə söz verilən xalq artisti, rejissor Oqtay Mirqasımov və əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev belə mədəniyyət ocaqlarının çoxalmasının xalqın maarifləndirilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıblar.
Mərasimin sonunda qonaqlara “Balans” studiyasında dublyaj edilmiş “Fatmagülün sirri nə?” animasiya filmi nümayiş etdirilib.
Qeyd edək ki, istifadəyə verilən “Çingiz” kinoteatrı iki zaldan – VİP salon və 104 tamaşaçı sayı olan böyük zaldan ibarətdir. “Çingiz” kinoteatrında tamaşaçılar filmləri ən yüksək dublyaj və səs effektləri, gözəl və keyfiyyətli görüntü ilə izləyə biləcəklər. “Çingiz”nda kinoteatrdan başqa rəsm qalereyası, muzey və müxtəlif dərnəklər də fəaliyyət göstərəcək.
RePost.Az