Deputat vəsiqəsini girov qoyub, sələmə milyonlarla dollar pul götürən və həmin vəsaitləri geri qaytarmayan Rəfael Cəbrayılovun deputat səlahiyyətlərinə oktyabrın 2-də rəsmən xitam verildi.
Belə ki, sentyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.
Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
“Rafael Cəbrayılov Milli Məclisə müraciətində qeyd edib ki, III və IV çağırış deputat vəsiqəsini girov qoymayıb”.
Bunu isə MSK katibi Mikayıl Rəhimov deyib. MSK katibi bildirib ki, R. Cəbrayılov müraciətdə bunun yalan olduğunu vurğulayıb.
“Məktubda bildirib ki, bu məsələ tamamilə yalandır. Vəsiqəsi özündədir. Qeyd edim ki, onun 15 illik deputat fəaliyyəti ilə bağlı MSK-ya xüsusi şikayətlər daxil olmayıb. Son dövrlər mətbuatda yazılanlar isə onun nə qədər qeyri-səmimi davrandığını göstərir. Deputat mandatından kənar fəaliyyətlə məşğul olursansa, bu, həm öz adına, həm də Milli Məclisə xələl gətirir.
Arzulayırdıq ki, deputat qanunazidd hərəkətlər etməsin. Əgər deputat mandatından imtina etmək istəyirdisə, o, birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi. Ancaq o, Milli Məclisə müraciət edərək, onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur”, - deyə o əlavə edib.
Rəfael Cəbrayılovun məlum hərəkətləri ilə bağlı YAP-dan da mövqe bildirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb:
“Biz bu hərəkəti nəinki hüquqazidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”.
Nəzərə çatdıraq ki, Rəfael Cəbrayılov deputat olduğu müddətdə dəfələrlə adı müxtəlif qalmaqallarda hallanıb. Bir neçə il öncə onun banklara da kələk gəldiyinə dair faktlar ortaya çıxmışdı. Sentyabrda isə bir neçə vətəndaş, əsasən xanımlar məhkəməyə, mətbuat orqanlarına müraciət edərək, R.Cəbrayılovun onlardan aldığı borcu geri qaytarmadığını bildiriblər. Sabiq deputatın borc sahibləri ilə mübahisələrini əks etdirən videolar da mediada yayılmışdı.
Bu ittihamlar qarşısında bir neçə gün susan deputatdan istefa verməsi tələb olunmuşdu. Bununla bağlı YAP-ın rəsmi şəxsləri də çağırışlar etmişdilər. Nəhayət, sentyabrın 30-da Rəfael Cəbrayılov mandatından imtina etməsi barədə Milli Məclisə müraciət ünvanlayıb. Parlamentin deputat mandatına xitam vermək səlahiyyəti olmadığından müraciət aidiyyəti üzrə MSK-ya yönləndirilmişdi.
Maraqlısı odur ki, R.Cəbrayılov mandatından imtina etdiyi gün mətbuat konfransı keçirərək, özünü “təmizləməyə” çalışmışdı. Lakin o, danışdıqca daha da biabırçı duruma düşmüş, növbəti dəfə medianın və ictimaiyyətin qınağına tuş gəlmişdi.
“Yeni Müsavat” yazır ki, dünən belə informasiyalar da yayıldı ki, Rəfael Cəbrayılovun qanunazidd əməllərinə dair cinayət işi başlanacaq. Bir çox mənbələr onun barəsində cinayət işi açılaraq, ittiham elan ediləcəyini və qandallanacağını iddia edirlər. Hər halda, bunun üçün kifayət qədər qanuni əsaslar var. Üstəlik də o, özü etiraf etmiş olub ki, deputat olduğu müddətdə bizneslə məşğul olub. Bunun özü də qanunsuzluqdur.
Nəhayət, YAP-ın və MSK-nın Cəbrayılovla bağlı sərt açıqlamaları onun hərəkətlərinə hüquqi qiymət veriləcəyini istisna etmir.