QASİM İctimai Birliyinin sədri Anar Əsədli, professor Qulu Məhərrəmlinin yeni elmi mərkəz ideyasına hər cür dəstək verə biləcəyini açıqlayıb. Qeyd edək ki, Q.Məhərrəmli təkliflə çıxış edərək bildirib ki, əslində ölkədə erməni tarixini, ideologiyasını, psixologiyasını, təbliğat metodlarını öyrənən (və həm də ona qarşı mübarizə apara bilən) normal bir elmi mərkəz olmalıdır.
A.Əsədli RePost.Az-a bildirib ki, Q.Məhərrəmlinin bu fikrini millət vəkili Fazil Mustafanın paylaşdığı statusun altında oxuyub:
"Elə hörmətli Fazil bəy də təxminən bu mövzuya toxunaraq paylaşım etmişdi. Bəzi fikrlər var ki, onları gündəmə daşımaq ,fikir mübadiləsi aparmaq və ciddi qərarlar alınmasına nail olmaq lazımdır. Ölkənin mövcud siyasi gündəminin necə olmasından asılı olmayaraq Ermənistanla müharibə vəziyyətində olmağımız bizim ən birinci gündəmimiz olmalıdı. Ermənistanı hərtərəfli öyrənməliyik, onun siyasətini, iqtisadiyyatını, tarixini, ədəbiyyatını bilməliyik.
Bu gün Azərbaycanda erməni dilini bilən çox az sayda insan var və bu insanlarımızın hələ neçəsi mütəxəssisdi bunu bilmirik.
Ermənistanla sərhədyanı zonalarda belə erməni dilini bilən çox az sayda azərbaycanlı var amma onlarda yaş etibarilə azalan nəsildi. İstər ideoloji,siyasi istərsə savaş meydanında bizə düşmənin dilini,psixologiyasını bilən mütəxəsisllər lazımdır. Bir neçə il bundan öncə dostumuz hörmətli Hatəm Cabbarlının bir kitabı nəşr olundu "Erməni dili" adında. Bu kitabın təqdimatından sonra , o zaman elə gülməli şərhlər oxumuşdum ki, Anadolu türkləri demiş malesef o zehniyyət bu gün hələdə qalibdir".
Əsədli qeyd edib ki, bu kitab ölkənin təhlükəsizliyinin qorunmasında, əsassız erməni iddialarına cavab verilməsində oxunması vacib ədəbiyyatlardan biridir:
"Digər tərəfdən, bu gün şikayət edirik ki, informasiya mübarizəsində Ermənistana uduzuruq. Məhz elə bu baxımdan erməni dilini bilmək lazımdır ki, ölkəmizin mənafeyini uduzmadan qoruya bilək. Amma təcrübə göstərdi ki, bu məsələlər dövlət tərəfindən yaradılmış ciddi bir mərkəz (institut) tərəfindən həyata keçirilməsə heç bir şeyə nail olmayacağıq. Bu məsələnin ictimai müzakirəsi və dövlətə müraciəti üçün tədbirlər və təkliflər hazırlamaq gərəkir.
Bu məsələdə QASİM İctimai Birliyi olaraq üzərimizə düşəni etməyə hazırıq".