Bir neçə gün öncə gənc bir xanımın video yazısına baxdım. Hirsinin, gərginliyinin səbəbi bəlli deyildi, amma məqsədi bəlli idi, ölkədən getmək. Bir də ümumi deyirdi ki, məhkəmə-hüquq sistemində incidilib. Buna görə Ermənistana keçəcək. Əslində belə çıxışların bir adı da var, dövləti şantaj etmək... 
 
...Üslub yenidir, mühacirətə getmək üslubunu deyirəm. Ermənistana keçəcək, orda mənfur qonşuların təhlükəsizlik orqanlarına onlara lazım olan beş-üç müsahibə verəcək Azərbaycandakı vəziyyətə və ermənilərə münasibətə dair, sonra ya Allah, deyib, adlayacaq Avropaya. Yəqin ki, bunun adı da xoşbəxtlikdir o xanım və bu yolu gedən digərləri üçün. Amma dövlət adından düşünəndə bu rəzillikdir. Millət adından düşünəndə, utancverici. İnsanlıq adına düşünəndə yaramazlıqdır. Məhz üçüncüdən götürsək, deyərik ki, gör millət nə gündədir? Məmurların əksəriyyəti şantaj görməsə, işləmir!  Bu qızı xarici kəşfiyyata "satırıq"!  Ölkədə sosial islahat son dərəcə zəruridir. Nəhənglərin ardıyca xırda məmurları da islah elemək şərtdir və sair... 
 
Amma bir məsələ də var ki, axı adam şantaj edir, vətən satır, bunu necə edəsən?  Heç nə deyə bilmirsən, çünki dəqiq ir məsələ var məqsəd getməkdir, bu gün olmasa da sabah mütləq necəsə bu arzusunu reallaşdıracaq adam... Necə illər öncə başqa bir versiya ilə də şəxsən  qarşılaşmışdım. 
 
“Azadlıq” qəzetində çlışırdım. Atamı müainə üçün xəstəxanalardan birinə gətirmişdim. Oranın şöbə müdiri olan tanıdığımız həkim, qəfil “sən də getmək üçün işləyirsən?” soruşanda üz cizgimdən anladı ki, sualını başa düşmədim. Qayıtdı ki, bəs “Azadlıq” AXCP-nin qəzeti deyil? Dedim rəsmi yox, amma xətt birdin, nədi ki? Cavab ikiqat  şok effekti yaratdı. Həkim tanışım dedi ki, “bəs  mitinqlərə gedib özlərini döydürürlər, başqa birinə polislə üzbəüz dayanıb şəkillərini çəkdirirlər, sonra da bizdə həkimlər var, onlara sənəd düzəldir ki, bəs ölkədə zorakılığı məruz qalır siyasi baxışlarına görə. Sənə də lazım olsa deyərsən, lap adam olsa gətirə də bilərsən. Puluna minnət, sənin də xeyrin olar. Özün də getmək istəsən sənə problem yoxdur. Gör nə qədər məhkəməyə verirlər sizi dövlət adamları”...Heç nə deyə bilmədim, bir kəlmə də danışmadım. Amma sonra onlarca adamın qaçıb getdiyinə şahid olduq. Cinsi azlıq kimi, ya da siyasi mühacir olaraq Avropaya və ya okeanın o tayına çatdılarmı olurlar vətən fədaisi, azadlıq aşiqi. Adam simalarına baxır bəzən nə danışdıqlarını satqınlıq zirvəsinin harasında durduqlarını görmək istəyirsən. Baxırsan ki, lap pikdədirlər, ən zirvədə. O qədər peşəkardırlar ki, artıq satılmağın yollarına dair treninqlər reallaşdırırlar. Hətta bunu biznesə çeviriblər. Bəzən dünyanın ən dəqiq millətini də, dövlətini də barmaqlarına dolaya bilirlər. Məsələn Almaniyanı. 
 
Artıq bəllidir ki, Almaniyada siyasi mühacir "ovu" adı ilə saxlanma əməliyyatı keçirilib. Almaniya Federal Kriminal polisi Frankfurt, Köln, Uiesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib. Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. İddiaya görə basqın olunan evlərdə yaşayanlar 3-10 min euro müqabilində Azərbaycandan siyasi statusla mühacir daşıyırmış. Artıq xeyli sayda adam saxlanılıb. Adam siyahıya baxır, inanmır. Hamısı dövlətə ağıl verən, ölkəni dağıtmağa çağırışlar edən siyasi iddialılardır. Amma dünyanın ən dəqiq millətinin, almanların yaşadığı ölkədə, Almaniyada, onlara qarşı irəli sürülən ittihama da nəzər salın, siyasi mühacir alveri, saxta sənəd təşkili...
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyən kim, Müsavat Avropa Koordinasiya Mərkəzinə sədr, üzv olan kim, vaxtilə DİN-in idarə rəisi kimi çalışan kim. Əslində burda da heş nəyləri əksik olmayıb, orda da əksik deyil. Amma vətən satıb pul qazanırlar. Əlindən yazıq vətən deməkdən başqa heç nə gəlmir. Bir ona görə yazıq ki, səni satırlar, bir də ona görə yazıq ki, gör səni kimlər satır!
 
...Yeri gəlmişkən,  bir az  da gərginlik azalsın deyə olsun lap ovqat üçün. Sabiq səhiyyə naziri, indi müxalifət düşərgəsinin lider siması, Əli İnsanov deyəsən çoxundan yaxşı tanıyırmı Musavatı  və digərlərini, özü də mühacir biznesindən xəbərdar imiş. Nahaq  yerə “bunlar, “faşıstdir”,  almanlara işləyir”demirmiş kişi...Azərbaycanın siyasi mühacir olayları daha çox Almaniyadan qaynaqlanır. Azərbaycana qarşı ən aqressiv çıxışçılar Almaniyada yaşayır. Ölkədən mühacir axını daha çox Almaniyayadır. Yəqin ki, bu məqamı da Azərbaycanın aidiyyatı dövlət qurumları diqqətdə saxlayıb, ayaşdıracaq. Niyə Almaniyada cəm olan mühacirlər sonra Azərbaycana qarşı olur?!
 
Jalə Mütəllimova

Baxış sayı: 4264 | Tarix: 14.11.2019
Bizi Telegramda izləyin: @repostaz