Azərbaycanın keçmiş Baş Naziri Novruz Məmmədov yeni vəzifəyə təyin olunub.
 
RePost.Az xəbər verir ki, o, Azərbaycan Dillər Universitetinə elmi işlər üzrə prorektor təyin edilib.
 
Əvvəllər bu vəzifədə professor Əfqan Abdullayev çalışıb. 
 
Qeyd edək ki, Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
 
1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin Fransız dili şöbəsinə daxil olub, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.
 
Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Hazırlıq, 1993-1997-ci illərdə isə Fransız dili fakültələrinin dekanı işləyib.
 
Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib. 2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.
 
Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə, Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib.
 
2005-ci ilin sentyabrından UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.
 
Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
 
2009-cu ildə Polşa prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.
 
13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.
 
1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsində çalışıb.
 
2018-ci ilin aprelin 21-dən 2019-cu ilin oktyabrın 8-dək Azərbaycanın Baş Naziri olub.
 
Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri olub. 
 
Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.
 
Evlidir. Üç övladı və nəvələri var.

Baxış sayı: 4036 | Tarix: 19.11.2019
Bizi Telegramda izləyin: @repostaz