Bir ay öncə – oktyabrın 29-da avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyev hələ də komadadır.

Ailə üzvlərinin dediyinə görə, onun hazırda müalicə aldığı Türkiyə xəstəxanasının həkimləri də komadan nə vaxt çıxacağını bilmirlər.

Qeyd edək ki, hüquq müdafiəçisinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götrüb.

Hadisə ilə bağlı müxtəlif versiyalar səslənib. Bunun ehtiyatsızlıqdan baş verən yol qəzası olduğunu deyənlər də olub, qəsdən törədildiyini iddia edənlər də. Hüquq müdafiəçisinin yaxınları, ictimai-siyasi fəallar bu olayla bağlı fikirlərini mediada, sosial şəbəkələrdə paylaşır.

Bugünlərdə Repressiya və İşgəncələr Əleyhinə Komitə sözügedən avtomobil qəzasının müəmmalı olduğunu bəyan edib və hadisə ilə bağlı beynəlxalq araşdırma aparılması istənilib.

Bu istiqamətdə müzakirələrdə qarşı tərəfin fikri bəlli deyildi.

“Azadlıq” Radiosu hadisəni törətmiş «Hyundai» markalı, 90-PZ-543 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kənan Abdullayevin də olayla bağlı fikirlərini, O.Gülalıyevin qəsdən vurulması, onun xəstəxanaya gec çatdırılması və s. ittihamlara münasibətini öyrənib.

35-yaşlı K.Abdullayev Mingəçevirdəndir, amma Bakıda yaşayır və burada taksi fəaliyyətiylə məşğul olduğunu deyir. Üçyaşlı bir qızı var. Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti qaydalarını pozma – zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ona qarşı ittiham irəli sürülüb.

K.Abdullayev özü haqqında sosial şəbəkələrdə yazılanlardan məyus olduğunu deyir:

– Görürəm ki, hamı sui-qəsd, təxribat yazır, qəsdən törədildiyini bildirir, məni terrorçu kimi qələmə verirlər. Bu hadisədə sui-qəsd yoxdur. Hadisə vaxtı Oqtay müəllimin dostları da ordaydı. Onu «Semaşko»ya çatdıranda da ordaydılar. Özləri də gördülər ki, burada sui-qəsd yoxdur. Sadəcə, ehtiyatsızlıqdan olub. Özləri də deyirdilər ki, ehtiyatsızlıqdandır. Sonradan bu sui-qəsd söhbətləri niyə ortaya çıxdı, heç nə başa düşmədim. Heç kim də gəlib məndən heç nə soruşmadı, fikrimi bilmək istəmədi.

– Hadisə necə baş verdi?

– Sadəcə, görmədim. Maşının kor bucağı deyilən yer olur. Dönəndə fikirli oldum, görmədim. Özüm də dərhal mindirib xəstəxanaya aparmışam. Bu qədər şişirtmək, yalan yazmaq… Təxribat, təxribat, sui-qəsd… Dediyim kimi, sırf ehtiyatsızlıqdan olan bir hadisəni insanlar niyə bu qədər təhrif edir, anlaya bilmirəm.

– Öncədən Oqtay Gülalıyevlə tanışlığınız vardımı?

– Xeyr, olmayıb. Mən hadisədən sonra onu tanımışam. Onu xəstəxanaya aparanda soruşdum ki, «kimsiniz, müəllimə oxşayırsız»? Çünki kostyumda, qalstukda idi. Dedi, adım Oqtaydır. Soruşdu ki, məni tanıyırsız? Dedim, yox, tanımıram. Dostları da bilir, onlardan da soruşdum, dedilər, Oqtay Gülalıyev belə-belə insandır.

– Dediyinizdən belə anlaşılır ki, Oqtay Gülalıyev xəstəxanaya aparılanda danışırmış…

– Əlbəttə. Hətta xəstəxanaya aparanda dedi ki, «düşür məni, hər şey normaldır, xəstəxanaya getməyə ehtiyac yoxdur». Mən özüm apardım ki, yoxlansın, lazımi yardım göstərilsin.

- Deyirsiniz ki, hadisə vaxtı dostları da yanında olub. Yayılan videoda onun yolu tək keçdiyi görünür…

– Bəli, yolu tək keçirdi. Amma dostu yolun o biri tərəfində onu gözləyirmiş.

– Dostunun kimliyini, adını xatırlayırsınızmı? Çünki onunla da danışdığınızı deyirsiniz…

– Xeyr, adı yadımda deyil. «Semaşko»da da mənə dedi ki, «yolun o biri tərəfində Oqtay müəllimi gözləyirdim, qəza olanda yaxınlaşdım, gördüm ki, Oqtay müəllim yerdə uzanıb». Onu xəstəxanaya mən öz maşınımda aparmışam, amma xəstəxanaya çatana qədər dostu mənimlə telefonla danışıb. Zəng eləyib soruşurdu ki, hardasız, çatmısız və s.

– Belə iddialar da var ki, hadisədən sonra xəstəxanaya gec çatdırılıb. Bu barədə nə deyə bilərsiniz?

– Mən qəzadan sonra yarım saata aparıb çatdırmışam. Deyirlər ki, guya axşam saat 9-da aparmışam. Niyə olmayan şeyləri danışırlar, yazırlar, başa düşə bilmirəm. Axşam saat 6-ya 20 dəqiqə işləmiş qəza olub. Oqtay müəllim ayağa qalxana, maşına minənə qədər bir qədər vaxt keçdi. Təxminən 6-nın yarısında aparmışam. 7-yə uzağı 5-10 dəqiqə işləmiş artıq xəstəxanada idik. Xəstəxananın kamera görüntüləri var, onlara baxmaq olar. Mənim dostum orada olub, Oqtay müəllimin öz dostları… Bunu sübut eləmək elə də çətin deyil axı. Yəni, saat 9-da aparıb çatdırmağım yalandır.

Biz Oqtay bəyin ayılmasını, özünə gəlməsini gözləyirik. Vəkilim də vəsatətlər qaldırıb, müstəntiq məktublar göndərib. Bu işin obyektiv araşdırılmasına çalışırlar. Biz də kamera görüntülərinin çıxarılmasında, hətta sosial şəbəkələrdə yayılmasında maraqlıyıq. Bakı Nəqliyyat Agentliyində də, başqa orqanlarda da yəqin ki, o görüntülər var. Çıxıb gəldiyim yerdən, hadisə yerinə qədər baxa bilərlər. Bunları bilmədən, görmədən haqqımda niyə yalan yayırlar?

Xatırladaq ki, hadisə ilə bağlı istintaq araşdırmaları Nəsimi Rayon Polis İdarəsində aparılır. Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun mətbuat xidmətlərinin oktyabrın 31-də yaydığı birgə açıqlamasında hadisənin qəsdən törədilməsi barədə fikirlərin əsassız olduğu bilirilib.

Xatırladaq ki, bir neçə gün öncə hüquq müdafiəçisi Əlövsət Sadıqlı da çox müəmmalı açıqlamalar verib. O, Oqatay Gülalıyev vurulmadan öncə gedib həmin yolun enini ölçdüyünü bildirib.


Baxış sayı: 4663 | Tarix: 26.11.2019
Bizi Telegramda izləyin: @repostaz