Dünən ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Layçak Azərbaycana gəlib. Onun iştirakı ilə Bakıda Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
 
RePost.Az xəbər verir ki, Layçak Bakıda verdiyi açıqlamada “Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsi müsbət addımdır” deyib.
 
O bildirib ki, Slovakiya ATƏT-in sədri qismində vəziyyəti diqqətlə izləyir:
 
“Bu, müsbət addımdır və etimadı artırır, mühiti yaxşılaşdırır və gərginliyi azaldır. Mən hesab edirəm ki, bu addıma siyasi həll üçün yollar açacaq. İnanıram ki, Slovakiyanın sədrliyi bu münaqişənin həllinə töhfə verəcək”.
 
Amma elə ATƏT sədrinin nikbin açıqlamasının yayıldığı saatlarda erməni tərəfinin sülh prosesini pozan daha bir məkrli niyyətinin şahidi olduq. Yayılan məlumata görə, işğal olunmuş Dağlıq Qarabağın Ermənistana birləşməsi barədə məsələ (“miatsum”) Xankəndində yenidən qaldırılıb.
 
Göründüyü kimi, erməni tərəf ənənəsinə sadiqdir və hələ ki konstruktiv mövqe sərgiləmək niyyətində deyil.
 
Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, qarşı tərəfin davranışları ermənilərin planlı işlədiyini göstərir:
 
“ATƏT sədrinin səfəri ərəfəsində Dağlıq Qarabağ ”xalqının" və Ermənistanın məsələyə münasibətini ortaya qoyurlar. Yəni kim nə edirsə-etsin, biz Dağlıq Qarabağı Ermənistanın tərkibində görürük, onların üzdəniraq “DQR” üçün müstəqillik tələbləri son nəticədə onun Ermənistana birləşdirilməsi proqramına hesablanıb. Həm də proqram bu günün işi deyil, həmin proqrama Cənubi Qafqazda daha iki ərazinin də birləşdirilməsi daxildir. Bunun biri Naxçıvandır, ikincisi Ahıska - Gürcüstanın Samsxe Cavaxetiya bölgəsi".
 
Ekspertin fikrincə, qarşılıqlı səfərlərin davam etdirilməsi Azərbaycanın problemə yanaşmada acizliyini ifadə edəcək:
 
“Onsuz da Azərbaycan parlamenti buraxılır, bu missiyanın deputatlar səviyyəsində aparılması mümkün olmayacaq”. Qarabağ separatçılarının “Miatsum” hərəkatına gəldikdə, Q.Çaxmaqlı qeyd etdi ki, ermənilər 1989-da verilən qərarın yenilənməsini istəyəcəklər: “Çünki onlar görürlər ki, bu keçən 30 ildə digər bir təşəbbüs - Dağlıq Qarabağ deyilən separatçı qurumun tanınması məsələsi gerçəkləşmədi, Ermənistanın özü belə bunu etməyə risk etmədi. Mənə elə gəlir ki, növbəti addım da fiaskoya uğrayacaq. Çünki BMT-nin və dünyanın bütün beynəlxalq təşkilatlarının sənədlərində Dağlıq Qarabağ Azərbaycan ərazisidir, hamı bilir ki, o işğal altındadır. Biz yetərincə qərarlılıq nümayiş etdirsək, regiona səfər edən ATƏT sədrini burada ciddi bəyanatlar verməyə məcbur etsək, ermənilərin heç bir plan və proqramı həyata keçməyəcək. Azərbaycan radikal addımlar atmalıdır”.
 
Bu arada xəbər yayılıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 2-3-də Bakıya səfər edəcək. Bundan əvvəlki xəbərlərdə Lavrovun Azərbaycana dekabrın ortalarında gələcəyi gözlənilirdi. Xatırladaq ki, S.Lavrov noyabrın ilk yarısında erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı razılaşmanı bu regionun əhalisinin razılığı olmadan əldə etməyin mümkün olmadığını söyləmişdi və bu, Azərbaycanda kəskin əks-reaksiya doğurmuşdu.
 
Maraqlıdır ki, bu açıqlamanın ardınca Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı fərqli mövqe sərgilədi və faktiki olaraq S.Lavrovu təkzib etdi. Zaxarova “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir”, deməklə patronundan fərqli mövqe sərgilədi:
 
“ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin bəyanatlarında dəfələrlə vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması planı bütün qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmaq hüququnu nəzərdə tutmalıdır. Danışıqlar formatına gəldikdə isə bu sual tərəflərə yönəldilməlidir, onlar iştirakçıların tərkibini müəyyənləşdirməli və razılaşdırmalıdır. Bildiyiniz kimi, indi danışıqlar prosesi Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsindədir və iki paytaxt, iki dövlət arasında müvafiq razılaşmalar və ya hər hansı bir razılaşma əldə olunsa, biz öz tərəfimizdən bu razılaşmaları dəstəkləyəcəyik. Təkrar edirəm, iki dövlət arasında razılaşmaları”.
 
Belə bir situasiyada S.Lavrovun Bakı səfəri diqqət çəkir.
 
Q.Çaxmaqlı rusiyalı rəsmilərin fikirlərindən bəhs edərkən dedi ki, bütün bunlar sürüşkən bəyanatlardır:
 
“Tərəflər deyincə ermənilər Dağlıq Qarabağdakı separatçıların nəzərdə tutulmasını istəyirlər. Lavrov isə bu istəyə uyğun danışırdı. Rusiyanın mövqeyi həmişə belə olub ki, ATƏT səviyyəsində, ya da digər həmsədrlər səviyyəsində təşəbbüsü ələ almaq cəhdi onu qorxuya salır, qorxur ki, problem Rusiyanın iştirakı olmadan müəyyən məcraya yönələr, ona görə dərhal məsələyə müdaxilə etmək istəyəcək. Bildiyimə görə, bugünlərdə yenilənmiş Madrid prinsiplərinin müzakirəsi getmir, ATƏT sədri də ehtimal ki, prezidentlərin gələcək görüşlərinin davam etdirilməsi təşəbbüsündə bulunacaq. Lavrovun qəfildən Azərbaycana gəlməsi də məsələyə müdaxilə imkanlarını əldən verməmək cəhdidir, onun bu gəlişini heç də Azərbaycanın mövqeyini dəstəkləmək kimi yozmaq olmaz”.

Baxış sayı: 4397 | Tarix: 29.11.2019
Bizi Telegramda izləyin: @repostaz