“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı səslənən ittihamlara cavab verib.
Axeber.az bildirir ki, M.Mənsimov deyib:
“Bir az əvvəl mənə bir yazı göstərdilər. Oqtay bəy Gülalıyevin oğlu paylaşım edib və ehtimal edir ki, guya məni onun atasına yardım göstərməmək üçün təhdid ediblər. Əziz qardaşım! Əvvəla, Allah sənin atana can sağlığı versin. İkincisi, real vəziyyət düşündüyün kimi deyil. Mən dəfələrlə demişəm və bir daha təkrar edirəm ki, mən Allahdan başqa heç kimdən və heç nədən qorxmuram. Məni kimsə təhdid də etmir. Sadəcə, gerçəkliyi olduğu kimi qəbul etməyi bacarmaq lazımdır. Mən köməyimi təklif etdikdən sonra xəbər gəldi ki, Heydər Əliyev Fondu Oqtay bəyin müalicəsini öz üzərinə götürüb. Dövlət Oqtay bəyə sahib çıxdı və mənim göstərəcəyim yardımdan bəlkə də artığını etdi. Bir işi dövlət öz öhdəsinə götürürsə, qorxmağa və ya çəkilməyə lüzum yoxdur. Bəli, mən də təyyarə göndərəcək idim, Oqtay bəyi xəstəxanaya yerləşdirəcək idim. Allah razı olsun, bunların hamısını dövlət etdi. Dövlət bu işi öz üzərinə götürdükdən sonra bütün lazımı prosedurlar həyata keçirildi. Naşükürlük etmək lazım deyil. Burada başqa niyyət yoxdur və ola da bilməz. Həkimlərin məsləhətlərinə əsasən, addım atmaq lazımdır.
Siz Oqtay bəyi başqa ölkəyə də aparsanız, eyni vəziyyətlə qarşılaşacaqsınız. Sizin ağrı-acınızı anlayıram. Heç kim sevdiklərini bu vəziyyətdə görmək istəməz. Amma reallıq var. İndi ümid sadəcə Allahadır. Bəndədə ümid axtarmayın. Bu məsələni siyasiləşdirmək ve bunun ətrafında manipulyasiya etmək düzgün deyil. Həqiqəti demək lazımdır. Mən hər zaman deyirəm: mən siyasətçi deyiləm. Hər dəfə adımı hallandırmağa, məni siyasi oyunlara qatmağa çalışırsınız və bu, həqiqətən də, məni yorur. Bir-birimizə ziyan verməyək. Hamının məqsədi odur ki, Oqtay bəy tezliklə sağalıb ayağa qalxsın. Bu qədər yaxşılığı boşuna çıxarmaq düzgün deyil. Xəstəxananı bəyənmədilər, dəyişdirdilər və istədikləri tibbi müəssisəyə yerləşdirdilər. Həkimi istəmədilər, müalicəni mənim ailə həkimim davam etdirdi. Nə lazımdırsa, hər şey yüksək səviyyədə təşkil və təmin olundu. Bundan sonra bizə yalnız gözləmək və dua etmək qalır. Bu qədər insanın və həkimlərin əziyyətini yerə vurmaq da insafsızlıq olardı. Hər şey Allahın hökmündədir”.
Xatırlatadaq ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib. Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, o, Türkiyəyə aparılıb. O.Gülalıyevin yaydığı məlumata görə, fond atasının müalicəsini dayandırıb.