Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub.

RePost.Az xəbər verir ki, bununla əlaqədar məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə bağlı bütün müraciətlər araşdırılıb. O qeyd edib ki, 9 fevral Milli Məclisə seçkilər tarixi hadisəyə çevrildi. Müraciət edən vətəndaşların namizədliyi qeydə alındı. 96 faiz seçki məntəqəsində səsvermənin gedişinə kölgə salacaq hal baş verməyib. Onun sözlərinə görə, bu, yüksək göstəricidir. Burada maarifləndirmə işinin aparılmasının da önəmli təsiri var. MSK sədri əlavə edib ki, müxtəlif xarici ölkələrin nümayəndələri də öz işini öhdəsindən layiqincə gəldilər.

M.Pənahov əlavə edib ki, bir sıra seçki məntəqələrində nöqsanlar olub, bütün müraciətlər araşdırılıb və ədalətli qərarlar qəbul olunub. Qeyd edək ki, iclasda Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi və MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.


Baxış sayı: 4093 | Tarix: 25.02.2020
Bizi Telegramda izləyin: @repostaz