2020-ci ilin 07 mart tarixində saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu erməni tərəfindən açılmış atəş nəticə­sində yaralanıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
 
Dərhal yaralı hərbçi Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmamışdır.
 
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.
 
Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib.
 
Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn edilib. 
 

Baxış sayı: 4454 | Tarix: 07.03.2020
Bizi Telegramda izləyin: @repostaz