Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
 
Bunu RePost.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.
 
Onun sözlərinə görə, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.
 
Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.

Baxış sayı: 4796 | Tarix: 16.03.2020
Bizi Telegramda izləyin: @repostaz