“Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar TB3” Silahlı Pilotsuz Uçuş Aparatı (SİHA) ilk dəfə 27 aprel-1 may tarixlərində “TEKNOFEST-2023”də ictimaiyyətə təqdim ediləcək.
 
Bu barədə “Baykar” şirkətindən açıqlama verilib.
 
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın dünən Özdemir Bayraktar Milli Texnologiya Mərkəzinə səfəri zamanı çəkilən fotoşəkillərdə istehsal xəttində görünən “Bayraktar TB3 SİHA” bu il uçuş sınaqlarına başlayacaq.
 
“Baykar”ın İdarə Heyətinin sədri Səlcuq Bayraktar və şirkətin baş direktoru Haluk Bayraktar Prezident Ərdoğanın səfəri zamanı həyata keçirilən milli layihələrin son vəziyyəti haqqında məlumat veriblər.
 
Qeyd edilib ki, “Bayraktar TB3 SİHA” Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında keçiriləcək “TEKNOFEST-2023” sərgisində ilk dəfə ictimaiyyətə nümayiş etdiriləcək.
“Bayraktar TB3 SİHA” qatlana bilən qanad quruluşu ilə diqqət çəkir. Eyni zamanda bu, qısa uçuş-enmə zolağına malik gəmilərdən qalxıb-enmə qabiliyyətli dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.
 
Aparat, həmçinin görmə xəttindən kənarda da əlaqə yaradılması qabiliyyətinə malik olacaq. Bununla “Bayraktar TB3” çox uzaq məsafələrdən idarə oluna biləcək.

Baxış sayı: 5480 | Tarix: 27.03.2023
Bizi Telegramda izləyin: @repostaz