Ermənistanın sabiq prezidenti Levon Ter Petrosyan önəmli açıqlamalar verib. Petrosyan bildirib ki, Qarabağı Azərbaycana qaytarmaq lazımdır, çünki dünya bizi işğalçı kimi tanıyır. Bundan əlavə, eks-prezident deyib ki, ermənilər artıq "dənizdən dənizə Böyük Ermənistan" ideologiyasından da vaz keçməlidirlər.
 
Erməni siyasətçi qeyd edib ki, Ermənistanda kim ərazilərin geri qaytarılmasından danışırsa, ona xain, qorxaq, türk deyirlər. Bu isə düzgün deyil. Bütün bunlar erməni cəmiyyətini məhvə aparır.
 
RePost.Az xəbər verir ki, Petrosyanın səsləndirdiyi fikirlər və Ermənistanın gələcək taleyi ilə bağlı politoloq Zərdüşt Əlizadə ölkə.az-a danışıb:
 
"Seçkilərin nəticəsi göstərdi ki, erməni cəmiyyəti heç bir güzəştə hazır deyil. 2-3 ay bundan əvvəl Levon Ter Petrosyan bildirmişdi ki, "Madrid prinsipləri" ilə razılaşmalıyıq, 5 rayonu Azərbaycana geri qaytarmalıyıq, Dağlıq Qarabağ hazırki vəziyyətdə qalmalıdır, sonra isə Dağlıq Qarabağın statusundan danışmalıyıq. Bunlar baş verdikdə Azərbaycan öhdəlik götürəcək ki, zor tətbiq etməyəcək, nəqliyyat əlaqələri bərpa olunacaq, biz bu vəziyyətdən çıxmalıyıq. Petrosyan qeyd etdi ki, hakimiyyətin tətbiq etdiyi ordu-millət modeli artıq işləmir. Petrosyanın bu fikirlərini Erməni Milli Konqresi qəbul etdi və onlar seçkilərə güzəştli sülh şüarı ilə getdilər. Yeganə siyasi qüvvə idi ki, barış, güzəştli sülh şüarı ilə seçkilərə qatılmışdılar, ancaq keçə bilmədilər. Hərçənd ki, Erməni Ümummili Hərəkatı, Erməni Milli Konqresi həmişə parlament üzvü olurdular, ancaq bu dəfə parlamentdə təmsil oluna bilmədilər. Bu o deməkdir ki, həm erməni cəmiyyəti, həm hakimiyyəti, həm də Rusiya istəmirdi ki, parlamentdə güzəştli sülh tərəfdarları olsun.
 
Bölgənin, xüsusilə də Ermənistanın ağası Rusiyadır. Rusiya heç cür imkan verməz ki, Qarabağ problemi həll olunsun. Bu problemin həlli Rusiyanın əlindən çox təsirli silahın çıxması deməkdir. Ruslar bu silahın qədrini çox yaxşı bilirlər. O silah vasitəsi ilə həm Azərbaycanı, həm də Cənubi Qafqazı nəzarətdə saxlayırlar.
 
Ermənistan 18-20 il indiki mövqedə qalacaq, heç bir danışıqlara getməyəcək və nəticədə Ermənistan bir dövlət kimi, ermənilər isə bir millət kimi məhv olacaq. Ermənistandan köçün sürət artımı onu göstərir ki, ölkədə əhali qalmayacaq".
 
RePost.Az

Baxış sayı: 2877 | Tarix: 05.04.2017
Bizi Telegramda izləyin: @repostaz