Estoniya və Litvanın hakimiyyət orqanlarına Gürcüstana qarşı təxribat təşkil etmək tapşırılıb, lakin biz təxribata uymadıq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan Estoniya və Litva ilə birtərəfli dostluq rejimində qalır.
“Estoniya və Litva hakimiyyətinə Gürcüstana qarşı təxribat təşkil etmək tapşırılıb. Müvafiq qüvvələr, bizim təxribatın ardınca gedəcəyimizi hesablamışdılar, amma biz təxribata uymadıq, birtərəfli dostluq rejimində qaldıq. Xarici işlər nazirinin hansı bəyanatlarla çıxış etməsindən asılı olmayaraq, gürcü xalqını Estoniya və Litva xalqları ilə birləşdirən ənənəvi dostluğu nəzərə alaraq, birtərəfli dostluq rejimini qoruyub saxlayacağıq. Ona görə də bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz qalacaq” - deyə İrakli Kobaxidze bildirib.