Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.
Hadisə 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikaya yollandığı zaman qeydə alınıb.
Məhkəmə materiallarında qeyd olunub ki, o, həmin gün özünü aqressiv aparıb, qadın əməkdaşların müxtəlif bədən hissələrinə toxunub.
Keçmiş səfir 16 ay müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 10 il müddətinə seksual xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə daxil ediləcək.
Xatırladaq ki, Rafael İbrahimov 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın Böyük Britaniyadakı, Norveçdəki, İrlandiyadakı, İsveç və Finlandiyadakı səfiri olub, 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və o zamandan etibarən Londonda yaşayır.