Maskalı və kamuflyaj geyimli bir qrup naməlum şəxs Ukraynanın Korets rayonunun Braniv kəndində Kiyev-Çop yolunun üstündəki mehmanxana-restoran kompleksinə hücum ediblər. Hücum edənlər iki Azərbaycan vətəndaşını döyüblər və müəssisənin işçilərinin əl-qolunu bağlayıblar.
 
Bundan başqa, naməlum şəxslər ikinci mərtəbədəki mağazanı qarət ediblər.
 
RePost.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Rovno vilayətinin polisinin məlumatına əsasən, quldur dəstəsi dörd nəfərdən ibarət olub.
 
Hücum yerli vaxtla təxminən saat 22:00-da baş verib. Qarətçilər təsadüfi ziyarətçiləri – Azərbaycan vətəndaşlarını döyüblər. Azərbaycanlılar həmin vaxt restorana qəhvə işmək üçün daxil olublarmış. Onların telefonları da əllərindən alınıb.
 
Quldurlar insanları əl-qolu bağlı vəziyyətdə qoyaraq hadisə yerini tərk ediblər.
 
Yalnız iki saatdan sonra otelin 59 yaşlı qadın işçisi özünü ipdən azad edə bilib və başqalarının da əl-qolunu açıb. Bundan sonra qadın Kiyev-Çop yoluna çıxaraq avtomobil saxlayıb və baş verənləri sürücüyə danışıb. Polisi də hadisə yerinə məhz həmin sürücü çağırıb.
 
37 və 40 yaşlarında azərbaycanlılar xəstəxanaya çatdırılıb.
 
RePost.Az

Baxış sayı: 2934 | Tarix: 22.11.2017
Bizi Telegramda izləyin: @repostaz