Tehranda çap olunan “Şərq” qəzeti, özünü qondarma Dağlıq Qarabağ Cumhuriyyətinin xarici işlər naziri kimi təqdim edən Masis Mailyandan müsahibə alıb. Müsahibədə Dağlıq Qarabağın müstəqil ölkə olduğu, bu ərazilərin ermənilərə aid olduğu dilə gətirilib. 
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn müsahibə, dekabrın 2-də dərc olunub. Müsahibə, uzun illərdir “Azəriha” saytı və “Şərq” qəzetində Azərbaycan əleyhinə yazılar dərc edən Salar Seyfəddini tərəfindən alınıb.
 
“Şərq” qəzetinin Azərbaycan Cumhuriyyətinə qarşı yaydığı müsahibə, güney azərbaycanlı millət vəkillərinin sərt etirazına səbəb olub. Urmunun millət vəkili Nadir Qazipur, “Yol Press” agentliyinə verdiyi müsahibədə, Dağlıq Qarabağın islam torpağı və Azərbaycana aid olduğunu bildirib. “Dağlıq Qarabağın işğalı məsələsi, müzakirə yolu ilə öz həllini tapmalıdır. Biz bunu tələb edirik. Əgər seçkilər yolu ilə bir ölkə yarana bilərsə, o zaman Dağlıq Qarabağdan didərgin düşən insanların hamısı öz şəhər və kəndlərinə qayıtmalı, sonra seçkilər keçirilməlidir”- deyə o bildirib.
 
Qazipur, “Şərq” qəzetinin anti-Azərbaycan hərəkətini qınayaraq, bunun, ölkənin ümumi mənafeyinə zidd olduğunu deyib.
 
Urmunun digər millət vəkili Hadi Bahaduri də İran mətbuatında qondarma Dağlıq Qarabağ Cumhuriyyətinin “xarici işlər naziri” Masis Mailyanın müsahibəsinə münasibət bildirərkən deyib ki, “Biz Dağlıq Qarabağ ərazisini İslam torpaqlarının bir parçası və Azərbaycana aid torpaq bilirik”. Bahaduri, Mailyanın fikirlərini tənqid edərək bildirib ki, onun bu addımı qərəzli, düşüncəsiz və qeyri-diplomatikdir: “Mən rəsmi şəkildə işğal olunmuş ərazilərdə hər hansı fəaliyyətin, artıq hərəkətlərin olmasını pisləyirəm və ölkənin aidiyyəti qurumlarından gözləyirəm ki, bu sahədə addımlar atsınlar. “Şərq” qəzeti də ölkənin milli təhlükəsizliyinin əksinə davranaraq demokratiya adı ilə problem yaratmamalıdır”, - deyə millət vəkili vurğulayıb. 
 
Xalxal şəhərinin millət vəkili Bəşir Xaliqi də bu məsələyə öz etirazını bildirib. “Birinci ölkənin özü mövcud olmalıdır ki, o ölkənin xarici işlər naziri də təmsil etdiyi dövlətin gələcəyi ilə bağlı müsahibə versin. Biz Dağlıq Qarabağ adında bir ölkə tanımırıq. O zaman ölkənin rəsmi qəzeti nə üçün belə bir müsahibə almalıdır?!”- deyə o bəyan edib. Azərbaycanlı millət vəkili həmçinin vurğulayıb ki, belə müsahibələr nifaq salmağa yönəlib, bu hərəkət İranın xarici siyasəti və beynəlxalq qanunlara ziddir.
 
İranın Azərbaycandakı keçmiş səfiri Dr. Əfşar Süleymani də Tehran qəzetinin yol verdiyi təxribata öz etirazını bildirib. O vurğulayıb ki, “Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ nəinki dövlət deyil, hətta dünyada heç bir ölkə onun muxtariyyət və ya müstəqilliyini tanımayıb. Ermənistanın ən önəmli müttəfiqi olan Rusiya belə Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. 
 
RePost.Az

Baxış sayı: 625