Qüdsün Dəməşq qapıları qarşısında İsrail polisi və etirazçılar arasında toqquşmalar başlayıb.
 
RePost.Az xarici KİV-lərə istinadla xəbər verir ki, nümayişçilər qrupu Əl-Əqsa məscidində cümə namazından sonra Köhnə şəhər yaxınlığındakı küçəni bağlayıb, atlı polislər isə Dəməşq qapılarına doğru irəliləməyə çalışan kütləni dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edir. Polisin kütləyə atəş açdığı barədə məlumatlar da var. Artıq 1 nəfərin aldığı güllə yarasından öldüyü bildirilir. Ümumilikəd isə 200-dən çox adam yaralanıb. 
 
İğtişaşların baş verdiyi əraziyə əlavə polis qüvvələri göndərilib. İordan çayının Qərb sahillərində yerləşən şəhərlərdə də qarşıdurmalar yaşanır. 
Bu arada İordaniya paytaxtı Amman sakinləri və yerli siyasətçilər ABŞ-ın qərarına etiraz əlaməti olaraq şəhərin mərkəzində yürüş keçirib. Həmçinin Türkiyənin İstanbul, Ankara, Bursa, Konya, Eskişehir, Manisa və digər şəhərlərinin əhalisi küçələrə çıxıb.
 
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasını və səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəsi haqqındakı qərarına qəti etirazını bildirib.
 
İƏT-in yaydığı bəyanatda deyilir ki, ABŞ-ın qərarı beynəlxalq qanunlara zidd olmaqla yanaşı, Qüds şəhərinin statusu haqqında beynəlxalq konsensusa da uyğun deyil.
 
Bildirilib ki, ABŞ-ın qərarı bölgədəki sabitliyi pozaraq yeni və mürəkkəb münaqişənin əsasıni yaradacaq. Qüds Fələstinin ərazisidir və bu şəhərdə müsəlmanlarla xristianlar mehribanlıq şəraitində yaşamalıdırlar.
 
İƏT Fələstin-İsrail münaqişəsinin siyasi dialoq yolu ilə həll edilməsinə tərəfdar olduğunu bir daha bəyan edib.Bəyanatda o da bildirilib ki, dekabrın 13-də təşkilat üzvləri İstanbulda toplaşaraq məsələni müzakirə edəcəklər.
 
Eyni zamanda, İslam ölkələrinin rəhbərləri Amerika Prezidentinin qərarını sərt tənqid ediblər. Həmçinin Avropa İttifaqının mərkəzi aparatı, Roma Papası, Avropa ölkələrinin liderləri də Trampın bu addımına qarşı çıxıb, regionda gərginliyin artmasından narahatlıq ifadə ediblər. 
 
“Əl-Qaidə” təşkilatı isə Vaşinqtonu və Təl-Əvivi terror aktları ilə hədələyib. Terror təşkilatı ABŞ-ın, İsrailin və müttəfiqlərinin obyektlərinə zərbə vuracağını bildirib.
 
Xatırladaq ki, ABŞ Prezident Donald Tramp dekabrın 6-da Qüdsün İsrail paytaxtı sayılması və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə qərar imzalayıb. Dünya ictimaiyyəti isə Qüds şəhəri üzərində İsrailin suverenliyini tanımır və onun statusunu Yaxın Şərq münaqişəsinin ən başlıca problemi hesab edir.
 
RePost.Az

Baxış sayı: 4074 | Tarix: 08.12.2017
Bizi Telegramda izləyin: @repostaz