Sabahdan başlayaraq "VisaMetric“ şirkəti Almaniya səfirliyinin tapşırığı ilə səfər məqsədi Almaniya olan Şengen vizaları üçün sənəd qəbulunu həyata keçirəcək.
 
Almaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, viza sənədlərinin qəbulu mərkəzi Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 ünvanında, Qış Parkı binasında yerləşir.
 
Mərkəz həftənin 1-5-ci günləri saat 08:30-dan 16:00-dək açıq olacaq.
 
Məlumata görə, qəbul saatlarının artırılması və görüş vaxtı təyin etmək üçün gözləmə vaxtlarının qısaldılması nəticəsində Almaniya səfirliyində şengen vizasına müraciət prosesi asanlaşdırılır. Ərizəçilər həmçinin yeni viza qəbulu mərkəzinin digər xidmətlərindən – biometrik şəkillərin çəkilişi və pasportların kuryer vasitəsilə göndərilməsindən yararlanmaq imkanı əldə edəcəklər. Şengen vizasına müraciət edən ərizəçilər ilk həftələrdə görüş vaxtı təyin etməli olacaqlar. Görüş vaxtını telefonla və ya "VisaMetric" şirkətinin internet səhifəsindən təyin etmək mümkündür.
 
May ayının ortasından müraciət üçün görüş vaxtı təyin etməyə ehtiyac qalmayacaq. Şengen vizaya müraciətə edilən dəyişiklik milli vizaya – ailə birləşməsi, təhsil və s. şamil olunmur.
 
Səfirlikdən bildirilib ki, suallar olduğu təqdirdə həftənin 1-5-ci günləri saat 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan 17:00-dək "VisaMetric" şirkətinin telefon mərkəzinə (012) 599 88 12 zəng etmək mümkündür.
 
Ələvə məlumatı "VisaMetric"in internet səhifəsindən https://www.visametric.com/Azerbaijan/Germany/az eləcə də Almaniya səfirliyinin internet səhifəsindən www.baku.diplo.de əldə etmək mümkündür.
 
RePost.Az

Baxış sayı: 205