İstanbulda “Türk axını” layihəsinin dəniz hissəsinin açılış mərasimi keçirilib. RePost.Az xəbər verir ki, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Rusiya lideri Vladimir Putin də iştirak edib.
 
“Türk axını” layihəsinin dəniz hissəsi Qara dənizdən keçir və iki xətt olaraq inşa edilib. Onun dəniz hissəsi 930 kilometrdir, quru hissəsi isə 180 kilometr təşkil edəcək. Üç mərhələdən ibarət olan “Türk axını” bir sıra sınaqlardan sonra 2019-cu ildə fəaliyyətə başlayacaq.
 
Yeni layihə Moskvanın Ukraynadan yan keçən kəmərlərin çəkilməsi planlarının bir hissəsidir. Avropa hazırda istehlak etdiyi qazın üçdə birini Rusiyanın Gazprom şirkətindən alır. İstanbulda keçirilən mərasim dənizin dibi ilə 930 kilometrlik iki boru xəttinin çəkilişinin başa çatmasına həsr edilmişdi. Rusiyanın dövlət şirkəti Gazprom bildirib ki, TürkAxını kəməri potensial olaraq Serbiya, habelə Avropa İttifaqının üzvləri olan Bolqarıstan, Yunanıstan, İtaliya və Macarıstanı qazla təchiz edə bilər.
 
Mərasimdə çıxış edən Ərdoğan deyib ki, TürkAxını qaz kəməri hər il Rusiyadan Türkiyəyə 31.5 milyard kubmetr təbii qaz nəql edəcək və bunun təxminən yarısı Avropa bazarlarına çıxacaq. İndi qurudakı işlərin görülməsi prosesinə başlanıb və kəmərin tikinitsi 2019-cu ildə başa çatmalıdır. Putin deyib ki, bu kəmər Avropanın enerji təhlükəsizliyini təmin edəcək. O israr edib ki, layihə “heç kimin maraqlarına qarşı yönəlməyib”. Rusiya prezidenti bunu da bəyan edib ki, Türkiyə “Avropanın əsas enerji qovşağına” çevriləcək. 
 
Putin əlavə edib ki, Rusiya ilə Türkiyə 100 milyard dollarlıq əmtəə dövriyyəsinə nail olacaq. “İndi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi 100 milyard dollarlıq əmtəə dövriyyəsi bu il Rusiya ilə Çin arasında əldə ediləcək. Bəs Türkiyə ilə niyə bundan az olsun? Bəli, Türkiyə ilə də bu nəticəyə nail olacağıq. Mənim bunda qəti şübhəm yoxdur”, - deyə Putin əlavə edib.
 
Mərasimdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Görüş Türkiyə Prezidentinin Yıldız sarayının Mabeyn köşkündə baş tutub. Liderlərin “Türk axını” layihəsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafına və Suriyadakı məsələləri müzakirə etdikləri ehtimal olunur. Prezidentlərin görüşü mətbuat üçün qapalı keçib və saat yarım davam edib.
 
RePost.Az

Baxış sayı: 2934 | Tarix: 20.11.2018
Bizi Telegramda izləyin: @repostaz