Türkiyənin İstanbul şəhərində təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. İlkin nəticələrə əsasən, hakim Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım səslərin 45,1 faizini, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlu isə 54 faizini toplayıb. 
 
Türkiyənin Ali Seçki Qurumunun sədri Sadi Güvən İstanbulda iyunun 23-də keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri ilə bağlı açıqlama verib. Sadi Güvən İstanbulda 8 925 063 nəfər seçici olduğunu deyərək, dünən seçkidə seçicilərin 84.5 faizinin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, seçki bülletenlərindən 8 746 464-ü etibarlı, 178 599-u etibarsız olub. Namizədlərdən Əkrəm İmamoğluna 4 741 868 nəfər səs verib. Bu, seçicilərin 54.21 faizi deməkdir.  Binəli Yıldırım isə 3 935 453 səs toplayıb ki, bu da ümumi seçicilərin 44.99 faizidir. 
 
Sadi Güvən əlavə edib ki, indiyədək 19 910 seçki qutusu sayılıb: “Seçkinin nəticələrinə etiraz müddəti başa çatandan sonra bələdiyyə sədri mandatı haqq edən şəxsə təqdim olunacaq”. 
 
Təkrar bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım səsvermələrdə məğlubiyyətini etiraf edib. Binəli Yıldırım Cumhuriyyət Xalq Partiyasından olan namizəd Əkrəm İmamoğlunu qələbə qazanması münasibətilə təbrik edib. "Görünür ki, Əkrəm İmamoğlu irəlidədir. Mən rəqibimi təbrik edir və ona uğur arzulayıram. Seçkilər - bu demokratiyadır. Və Türkiyədə keçirilən bu seçkilər yenə göstərdi ki, ölkəmizdə demokratiya şəksizdir. Arzu edirəm ki, İmamoğlu İstanbula bütün səylərini şəhərə və onun sakinlərinə xidmətə yönəltməklə rəhbərlik etsin", - deyə Yıldırım bildirib.
 
İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gəmiş Cumhuriyyət Xalq Partiyasından olan namizəd Əkrəm İmamoğlu isə səsvermələrdəki müvəffəqiyyətini bütün şəhərin qələbəsi adlandırıb. "Bu seçkiləri partiya yox, bütün İstanbul udub. Mən heç kimdən uzaqlaşmadan hamının xeyrinə işləyəcəyəm. Bu, mənim bütün həyatımın ən vacib vəzifəsidir. İstanbul merinin bugünkü seçkiləri Türkiyədə demokratik seçki prosesinə böyük töhfə oldu. Qoy seçkilər ölkəmizə firavanlıq gətirsin. Son nəticələr yalnız protokollarda olacaq, buna görə hamıya müraciət edirəm - prosesin sonuna qədər yerlərdə olmalı və seçki məntəqələrindən getməməli, çünki proses bitməyib", - deyə o, NTV telekanalının efirində bildirib.
 
Əkrəm İmamoğlu təşəkkürlərlə dolu çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət edib. Bildirib ki, 16 milyon əhalisi olan İstanbulun hazırkı vəziyyəti ilə əlaqədar Rəcəb Tayyib Ərdoğanla birgə çalışmağa hazırdır: “Mövzumuz 16 milyon insanın ehtiyacı və İstanduldur. Mən İstanbul üçün Sizinlə birgə işləməyə hazıram. Mandatımı alıb, işə başlamaq arzusundayam. Və yol xəritəmizi hazırlamaq üçün Sizə müraciət edirəm. Vətəndaşlarımız siyasi mübahisələrdən, münaqişələrdən bezib. Xidmət, istehsal və çarə yolunu gözləyir”.
 
Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu da İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin nəticələri ilə əlaqədar münasibət bildirib və nəticələri müsbət qiymətləndirib. Bu barədə o, "Twitter" səhifəsində açıqlama yayıb. CHP lideri “Hər şey çox gözəl olacaq demişdik və hər şey çox gözəl oldu” - deyə seçkinin nəticələrini qısaca olaraq dəyərləndirib.
 
RePost.Az

Baxış sayı: 1411