"Azərbaycanda idarəetmə aparatında islahatların aparılmasına ehtiyac var. Çünki biz həmişə struktur islahatlarının və eləcə də çevik idarəetmənin formalaşmasının tərəfdarıyıq. Düşünürəm ki, bu gün struktur və kadr islahatları mövcud çağırışlara uyğundur və zamanın tələbədir".

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

"Bu, problemlərin aradan qaldırılmasına xidmət edəcək"

"Nəticə etibarı ilə islahatlara baxsaq, birinci mərhələ daha çox praktik olaraq həm investisiya mühitinin yaxşılaşdırılması, prosedurların elektronlaşdırılması, həm də xüsusən dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi istiqamətində işləri genişləndirib. Növbəti mərhələdə çox vacib məqamlardan biri də kadr və sosial islahatların aparılmasıdır. Qeyri-neft sektorunun inkişafı vacibdir. Onun inkişafı üçün yalnız investisiya mühitinin yaxşılaşdırılması deyil, eyni zamanda məhz kadr və struktur islahatlarına ehtiyac var”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, ölkə Prezidentinin Baş Nazirin yeni müavini və yeni İqtisadiyyat naziri ilə son görüşlərdə qeyd etdiyi kimi, bu gün iqtisadiyyatda məmur müdaxiləsinin minimumlaşdırılmasına, azad rəqabətin formalaşdırılması, “kölgə iqtisadiyyatı”nın tamamilə aradan qaldırılmasına ehtiyac var: “Düşünürəm ki, dövlət qurumlarının birləşdirilməsindən sonra yenidən təşkil olunan nazirlik qeyri-neft sektorunun inkişafına məsul olacaq, fiskal siyasəti və xüsusilə vergi siyasətini idarə edəcək qurum olacaq. Məqsəd ondan ibarətdir ki, iqtisadiyyata məmur müdaxiləsini minimumlaşdırmaq mümkün olsun, sahibkarlığın inkişafı üçün azad rəqabət formalaşdırılsın və bu konteksdən büdcə daxilolmalarının artımına nail olunsun. Büdcə daxilolmalarının qeyri-neft sektorunun payının artmasına və dayanıqlı inkişafına ehtiyac var. Düşünürəm ki, struktur islahatları fiskal baxımdan Azərbaycan üçün vacib idi və bu, büdcə gəlirlərinin, xüsusilə büdcə gəlirlərinin strukturunun innovativlik və keyfiyyət baxımından dəyişməsinə gətirib-çıxara bilər”.

V.Bayramov onu da bildirib ki, yeni İqtisadiyyat Nazirliyi sahibkarların praktik olaraq üzləşdiyi bütün məsələləri əhatə edir: “Bura vergi yığımları, investisiya mühiti, sahibkarlara dövlət dəstəyi kimi səlahiyyətlər daxildir və xidmətlərin bir qurumda cəmləşməsi nəticə etibarı ilə sahibkarlar üçün vacibdir. Çünki sahibkarlar daha tez, daha az və çevik prosedurlardan keçməklə dövlət xidmətlərindən istifadə edə biləcəklər. Qərarlar daha çevik olacaq. Bəzi hallarda mühüm qərarlar qəbul edilən zaman hökumətdə fərqli qurumların vizasına ehtiyac vardı. Bu zaman islahata yönəlik qərarların bloklanması müşahidə olunurdu. Bu baxımdan yenilənmiş qurum bu problemlərin aradan qaldırılmasına xidmət edəcək”.

Ekspert hesab edir ki, vergi yığımının İqtisadiyyat Nazirliyinə həvalə edilməsi, gömrük rüsumlarının toplanmasının da həmin nazirliyə transferi üçün zəmin yaradacaq: “Çünki gömrük daxilolmaları da vergi yığımlarıdır və dünyada gömrük yığımları ilə vergi yığımları bir-birindən fərqlənmir. Gələcəkdə struktur islahatlarının davamı olaraq Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi məqsədəuyğun olardı. Su, enerji və fərqli sosial sferalarda vahid qurumların yaradılmasına ehtiyac var. İdarəetmənin çevikliyi üçün bir-birini təkrarlayan qurumların aradan qaldırılmasına və vahid idarəetmə qurumlarının sektoral olaraq yaradılmasına ehtiyac var. Bunun üçün də struktur və kadr islahatlarının davam etdirilməsi vacibdir”.

"İqtisadiyyat və bazar liberal olmalıdır"

Mütəxəssis deyir ki, artıq ölkədə iqtisadi modelin hazırlanması ilə bağlı işlər gedir: “2018-ci ilin sonundan iqtisadi modelin hazırlanmasına başlanılıb. “Strateji Yol Xəritəsi”nin birinci mərhələsi 2020-ci ildə başa çatır və yeni modelin hazırlanmasına ehtiyac var. Ümumiyyətlə, yanaşma dəyişməlidir. Azərbaycanda antidempinqlə bağlı qərarlar qəbul edildi və daxili bazarın qorunması ilə bağlı addımlar atılmağa çalışıldı. Ancaq bu gün çağırış daxili bazarın qorunmasından daha çox bazarın liberallaşdırılmasını tələb edir. İqtisadiyyat və bazar liberal olmalıdır. Rəqabət apara biləcək şirkətlər və sahibkarlıq subyektləri bazarda qalmalıdır, daha ucuz və daha keyfiyyətli məhsulları təklif etmək imkanlarına malik olmalıdırlar. Bu baxımdan iqtisadi siyasətin kordinal olaraq dəyişməsinə ehtiyac var”.

Onun sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün tezləşdirilməsi də vacibdir: “MDB-də yalnız Azərbaycan, Türkmənistan və Belarus ÜTT-nin üzvü deyil. Bu siyahı kifayətdir ki, ÜTT-yə üzvlüyümüzün bizim üçün nə demək olduğunu anlayaq. Biz Belarus və Türkmənistanla deyil, Qazaxıstan və Rusiya ilə müqayisə olunacaq siyahılarda olmalıyıq. İqtisadi rəqabət olsa, güclü, daha keyfiyyətli və daha optimal qiymət təklif edən şirkət sektorda qalacaq. O zaman da istehlakçı qazanacaq. Bununla da daha çox məhsul istehsal etmək və büdcəyə daha çox vəsait cəlb etmək mümkün olacaq. Bunun üçün də yeni model liberal model olmalıdır və Azərbaycan üçün alternativ yol iqtisadiyyatın tamamən liberallaşdırılması və liberal iqtisadi modellə inkişafın davam etdirməsidir”.

"Bank sektoru iqtisadiyyata arxa çevirib"

"İqtisadiyyat normal çalışmasa büdcəyə zəruri ola bilcək səviyyədə vəsait toplamaq mümkün deyil. Yəni iqtisadiyyatdan kifayət qədər vergi toplamaq mümkün olmursa, deməli, bu iqtisadiyyatın idarə olunmasında problemlər var və bu problemlər mütləq çözülməlidir".

Bunu isə “Report”a açıqlamasında iqtisadçı ekspert-ekspert Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə, xəzinəyə kifayət qədər vergilər yığılmalıdır ki, dövlət funkasiyalarını normal yerinə yetirə bilsin: “İqtisadiyyat işləməlidir ki, normal vergi yığılsın. İki nəhəng qurumun bir araya gətirilməsinin başlıca məqsədi də budur ki, ilk növbədə, iqtisadiyyatın normal işi təmin edilsin və buna uyğun olaraq büdcəyə kifayət qədər vəsait toplamaq mümkün olsun".

F.Yusifov deyir ki, bu baxımdan qarşıda ciddi işlər durur: “Bizim qeyri-neft sektorumuzun inkişafı və onun artması ilə bağlı qarşıda görməli çox böyük işlərimiz var. İqtisadiyyat Naziri postuna Mikayıl Cabbarovun təyin edilməsi təsadüfi deyil. O, islahatçı olduğunu öncə rəhbərlik etdiyi Təhsil Nazirliyində və sonradan vergilər Nazirliyində hər kəsə göstərdi. Eyni zamanda qərarların qəbulu zamanı qətiyyətli olduğunu sübut edə bilib. Heç şübhəsiz ki, cənab Prezident də onun bu keyfiyyətlərini nəzərə alıb, onu belə bir mötəbər qurumun rəhbərliyinə gətirib. Hesab edirəm ki, Mikayıl Cabbarov onun qarşısına qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcək”.

F.Yusifov görülməli olduğu işlərlə bağlı öz təkliflərini verib. O bildirib ki, bu gün, ilk növbədə, kiçik və orta sahibkarlığın inkişafına mane ola biləcək bütün əngəllər aradan qaldırılmalıdır: “Son müşavirədə cənab Prezident kiçik və orta biznesin zəif inkişafı ilə bağlı tənqidi fikirlərini bildirdi. O qeyri-neft sektoru ilə bağlı bu qədər qərarların qəbul edilməsinə baxmayaraq, nəticələrin gözləntilərə uyğun olmamasından narazılıq etdi və qeyd etdi ki, hələ də neqativlər tam aradan qaldırılmayıb.

Bu neqativlər arasında rüşvət, korrupsiya və monopoliya kimi amillər var. Nəticə etibarı ilə bunlar iqtisadiyyatın bir hissəsini kölgədə saxlamağa vadar edir. Digər bir problem sahibkar və iş adamı üçün maliyyə mənbəyinin məhdudluğudur. Dünyada 100 sahibkardan bir-ikisi öz vəsaiti ilə iş qurur. Qalanları isə cəlb edilmiş vəsaitlərdən istifadə edir. Ancaq Azərbaycanda vəsait cəlb etmək üçün mənbə yoxdur. Bizdə bunun üçün bir mənbə banklardır ki, bank sektoru da iqtisadiyyata arxa çevirib. Bank sektoru iqtisadiyyatı kreditləşdirmək istəmir”.

İqtisadçı vurğulayıb ki, bu gün iqtisadiyyatda mövcud olan problemi həll etmək üçün dövlət çox yardımlar edir. Lakin bu olduqca azdır: "Bir ildə iş adamlarına 170 milyon manat güzəştli kredit verməklə, 80 milyard manatlıq ümumi daxili məhsulu olan bir ölkədə qeyri neft sektorunda ciddi uğurun qazanması mümkün deyil. Bu qədər yardım 80 milyardlıq ÜDM-in 0,2 faizini təşkil edir. Düşünürəm ki, banklar iqtisadiyyata üz tutmalıdırlar və dövlət bu məsələyə vəsait ayırmamalıdır. Banklar normal işləsələr, dövlət bu sahəyə vəsait ayırmamalıdır. Banklar isə iqtisadiyyata üz tutmaq istəmirlər”.

"ARDNF-dən 10 milyard manat sahibkarlığın inkişafına ayrılmalıdır"

Ekspert hesab edir ki, yalnız Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) 10 milyard manata qədər vəsait kiçik və orta sahibkarlığın inkişafına məqsədyönlü şəkildə, xüsusi proqram çərçivəsində ayrıla bilər: “Ölkənin bütün bölgələrində onlarla deyil, yüzlərlə kiçik və orta müəssisə qurulmalıdır. Bu işin başında isə xüsusilə etibar olunmuş, inanılmış, rüşvətdən və korrupsiyadan uzaq olan bir adam dayanmalıdır. Ayrılan 10 milyard manat isə bütün bu layihələrə ayrılmalıdır ki, bu layihələr işləsin və yeni iş yerləri açılsın. Bununla ölkədə idxalı əvəzləyəcək məhsulların istehsal həcmi artsın və qeyri-neft sektoruna aid olacaq bu müəssisələrdən xaricə ixracımızın həcmi artsın”.

Sabiq Maliyyə naziri xatırladıb ki, Azərbaycan 4 ildir ki, islahat aparsa da, 2004-cü ilin qeyri-neft ixracının səviyyəsinə çata bilməyib: “İqtisadiyyatın neftin üzərində olması olduqca təhlükəlidir və Prezident bunun fərqindədir, öz narahatlığını kəskin şəkildə ortaya qoyub. Dövlət bank sektorunun ayaqda qalması üçün öz büdcəsindən milyardlarla pul xərcləyib. Ancaq bank sektoru öz ampluasındadır, bu yardımları və dövlətin dəstəyini dəyərləndirmir, sanki düşünür ki, dövlət bunu etməlidir. Bu gün banklar lombard kimi işləyir, camaatın əmlakını girov götürüb kredit verirlər. Lombard kimi işləmək üçün bu qədər sektoru saxlamağa ehtiyac yoxdur”.

F.Yusifov hesab edir ki, yerli bankları biznesə həvəsləndirmək üçün Azərbaycanda xarici bankların sayı artırılmalıdır: "Xarici bankların Azərbaycana gəlişini çəkinmədən təşkil etmək, onlar üçün qapıları açmaq lazımdır. Manatın məzənnəsini sərbəst buraxmaq lazımdır və manat üzməlidir. Manat tam sərbəst üzən məzənnəyə keçdikdən və Azərbaycan ÜTT-yə üzv olduqdan sonra xarici bankların ölkəmizə gəlişi də problem olmayacaq. Qapılar açılandan sonra, bura gələn xarici banklar bizim banklara necə işləmək lazım olduğunu göstərəcəklər. Bir sözlə, onlar bizim banklar üçün bir nümunə sərgiləyəcəklər ki, bundan sonra bizim bank sektoru avtomatik olaraq yeni şəraitə uyğunlaşacaq. Xarici bankların Azərbaycana gəlişi milyardlarla dollar kapitalın ölkəmizə axıdılmasına şərait yaradacaq. Bu da ölkə iqtisadiyyatı üçün bir mənbə olacaq”.

 


Baxış sayı: 3181 | Tarix: 24.10.2019
Bizi Telegramda izləyin: @repostaz