Ötən gün Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn ən təməl prinsiplərinin, qanuniliyin və ədalətin daxili siyasət naminə pozulmasının nümunəsidir.
 
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması barədə tövsiyə xarakterli qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanatında deyilir.
 
“Fransa Senatının Azərbaycanı işğaldan azad etdiyi öz torpaqlarından çəkilməyə çağırması ciddi qəbul edilməyən gülünc, qərəzli və qeyri-real anlaşmanın təzahürüdür. Ağıllı düşüncədən məhrum olan və heç bir məntiqlə izah olunmayan bu qərar Fransanın məsələnin həllinə həqiqi mənada töhfə verməsini də məhdudlaşdırır”, - deyə bildirilir.
 
Fransa Senatında Türkiyə əleyhinə səslənən fikirlərə də münasibət bildirilib:
 
“30 ilə yaxındır davam edən Azərbaycan-Ermənistan münaqişəsində əldə olunan mərhələdə Fransanın artıq düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcəyinə ümid edirik.
 
Bunun üçün mövcud həqiqətlərə əsaslanan beynəlxalq hüquqa uyğun qalıcı bir həll yolu tapmaq üçün səy göstərmək kifayətdir. Türkiyə bu münaqişənin həllini təmin edərək regional sülh və sabitliyə töhfə vermək üçün digər tərəfdaşları kimi Fransa ilə birlikdə çalışmağa hazırdır”.
 

Baxış sayı: 4397 | Tarix: 26.11.2020
Bizi Telegramda izləyin: @repostaz