Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıb.
 
RePost.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bəyantda Fransa Senatının qəbul etdiyi qətnamənin beynəlxalq hüquqa görə yox dərəcəsində olduğu vurğulanır: “Fransa Senatı özünü görməməzliyə vursa da Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir. Bir neçə gün əvvəl Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bəyan edilib, Qarabağ Ermənistan tərəfindən belə tanınmadığı halda Fransa Senatının həqiqətlərdən uzaq qətnamə qəbul etdiyi çox açıq şəkildə görünməkdədir.
 
30 il müddətində Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları Azərbaycan Ordusunun son aylarda qəhrəmancasına mübarizəsi nəticəsində işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Türkiyə olaraq bu haqlı mübarizənin və qazanılan zəfərin hər anında qardaş Azərbaycanın yanında olmaqdan qürur duyuruq. Azərbaycan Ordusunun BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə çərçivəsində apardığı əks-həmlə əməliyyatı nəticəsində öz sahiblərinə qayıdan Azərbaycan torpaqlarının əbədi olaraq Azərbaycanın hakimiyyəti altında qalacağına zərrə qədər şübhəmiz yoxdur.
 
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, təxminən 30 il boyunca Ermənistanın qanunsuz işğalını görmək istəməyən, bitərəf olmaq əvəzinə bütün hallarda işğalçı Ermənistanın yanında yer alan və Azərbaycanın haqqını və hüququnu tanıyan bütün BMT qətnamələrini heçə sayan, son zamanlarda Türkiyəyə qarşı ədavətdə sərhəd tanımayan Fransanın bu addımı bizim üçün təəccüblü olmayıb. Qətnamənin Fransa Senatında böyük çoxluğun səsi ilə qəbul edilməsi Fransanın gələcəyi haqqında narahatlığımızın artmasına səbəb olub.
 
Fransa hökumətinin beynəlxalq hüquq və bölgədəki həqiqətlərlə ziddiyyət təşkil edən, əsassız iddialar, böhtanlar və ciddiyə alınmayacaq təkliflər ehtiva edən bu qətnaməyə diqqət göstərməyəcəyinə ümid edirik. Bu cür təxribatçı təşəbbüslərin bölgəmizə və dünyaya sülh və sabitlik gətirməkdən uzaq olduğunu xatırlatmaqla bərabər, ölkəmiz və qardaş ölkə Azərbaycan əleyhinə belə düşməncəsinə addımları atanların Məclisimiz və əziz Millətimiz tərəfindən qeydə alındığını elan edirik”.
 

Baxış sayı: 4416 | Tarix: 27.11.2020
Bizi Telegramda izləyin: @repostaz