"Bir saat əvvəl azərbaycanlılar rus sülhməramlıları ilə birlikdə burada idilər, amma artıq gediblər”.
 
RePost.Az Qazet.Az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Şurnux kəndinin meri Akob Arşakyan bildirib.
 
O bildirib ki, azərbaycanlı hərbçilər sərhədlərin demarkasiyası üçün gəliblər:
 
"Dedilər ki, GPS-lə göstərilən bütün daxili ərazilər onlarındır. Onların sərhədi bizim magistral yolumuz olacaq. Bizə hər şeyin yaxşı olacağını, kəndin bizim nəzarətimizdə qalacağını bildirdilər. İndi sadəcə oturub nələr olacağını gözləməliyik. Burada qalırıq, yoxsa kəndi boşaltmaq üçün bizə vaxt verəcəklər?
 
Onlar getdikdən sonra kəndlilər bir yerə toplaşdılar. İnsanlar çox narahatdır. Azərbaycanlıların müəyyənləşdirdiyi sərhəd yaşayış məntəqələrinə çox yaxındır, demək olar ki, kəndin içindən keçir”, – Arşakyan vurğulayıb.
 
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl iki sərhədyanı kənddə – Şurnux və Vorotanda (Urud – red.) sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı problemlərin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Baxış sayı: 5936 | Tarix: 24.12.2020
Bizi Telegramda izləyin: @repostaz