“Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada keçirilən üçtərəfli görüşü uğurlu hesab etmək olar. Tərəflərin baş nazirlərin müavinləri səviyyəsində İşçi qrupun yaradılması ilə bağlı razılığa gəlməsi bu görüşün başlıca nəticəsidir”.
 
RePost.Az xəbər verir ki,bunu APA-nın Moskva müxbirinə müsahibəsində yanvarın 11-də Kremldə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunlarını şərh edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov bildirib.
 
Onun sözlərinə görə, regionda artıq yeni kommunikasiya və nəqliyyat əlaqələrinin yaradılmasına, köhnə kommunikasiyanın bərpa olunmasına start verilir: “Bu o deməkdir ki, yaxın vaxtlarda Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa olunacaq. Hansı ki, bu yol Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Bundan əlavə, Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək yol inşa olunacaq. Bu isə Ermənistanın Rusiya ilə quru yol əlaqəsində Gürcüstandan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda Bakı və digər şəhərləri Xankəndi ilə əlaqələndirəcək yollar inşa olunacaq. Bu isə o deməkdir ki, rəsmi Bakı artıq Dağlıq Qarabağın tamamilə Azərbaycanın tərkibinə qaytarılmasının üçüncü mərhələsinə daxil olur. Birinci mərhələdə Azərbaycan şiddətli müharibə nəticəsində Ermənistanın nəzarətində olan ərazilərinin 40 faizini işğaldan azad etdi. İkinci mərhələdə Azərbaycan artıq siyasi və diplomatik danışıqlarda öz ordusunun təzyiqi ilə 30 faiz ərazini hərbi əməliyyatlar aparmadan qaytarmış oldu. Hazırda 30 faiz ərazi Azərbaycanın nəzarətindən kənar qalıb. Azərbaycan bu ərazini daha hərbi yolla deyil, hətta siyasi-diplomatik yolla da deyil, ancaq iqtisadi yolla, tədricən Dağlıq Qarabağın Azərbaycana inteqrasiya edilməsi yolu ilə qaytaracaq. Bakı Qarabağın erməni əhalisini Azərbaycan cəmiyyətinə, iqtisadiyyatına və dövlət sisteminə inteqrasiyasını təmin etməklə qalan problemi həll etmiş olacaq. Bununla əlaqədar, Azərbaycan və erməni xalqları arasında münasibətlərin yaxşılaşdırılması məsələsi ortaya çıxır. Bunun üçün 30 ildən çoxdur ki, iki xalq arasında gedən informasiya və təbliğat müharibəsi tədricən aradan qaldırılmalıdır”.

RePost.Az

Baxış sayı: 4891 | Tarix: 12.01.2021
Bizi Telegramda izləyin: @repostaz