Çinin materik hissəsində COVID-19 infeksiyasının yayılması səbəbindən elan olunan orta və yüksək riskli zonaların hamısı ləğv edilib.
RePost.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yanvarın əvvəlində yeni virus ocağı aşkarlanan Heyloncian vilayətinin Vankuy qəzasında son 14 gün ərzində virusa yoluxma qeydə alınmadığı üçün orada risk dərəcəsi fevralın 22-də aşağıya endirilib. Vankuy Çində orta və yüksək riskli zonalara aid sonuncu yaşayış məntəqəsi idi. Hebey vilayətinin paytaxtı olan Şıciacuan şəhərinin Qaoşen rayonunda kütləvi test prosesi nəticəsində son 2 həftə ərzində yoluxma aşkarlanmadığı üçün fevralın 21-də risk dərəcəsi aşağı endirilib. Bununla da yanvarın əvvəlində virusun sürətlə yayıldığı Hebey vilayətindəki sonuncu yüksək-orta riskli zona ləğv olunub. Bundan başqa, vilayətin Sinle şəhərində qapanma rejimi ləğv olunub və şəhərə giriş-çıxış bərpa edilib.
Qeyd edək ki, yanvarın əvvəlində Çinin Hebey, Heyloncian və bir neçə vilayətdə, habelə paytaxt Pekində virusun yeni dalğası müşahidə olunub. Yanvarın 13-də isə 8 aylıq fasilədən sonra ilk ölüm, yanvarın 14-də və 21-də isə ötən ilin aprelindən sonra gündəlik ən çox yoluxma (144) qeydə alınıb. Yoluxmaların çoxalması səbəbindən Hebey vilayətinin Şıciacuan və Sintay şəhərlərində, Pekinin Şunyi və Dasin rayonlarında qapanma, digər vilayətlərdəki bəzi yaşayış rayonları aşağı, orta və ya yüksək riskli zonalar elan olunmuşdu.
Çinin materik hissəsində (Honkonq və Makao xüsusi inzibati əraziləri, Tayvan adası xaric) indiyədək COVID-19 virusuna 89 min 842 yoluxma, 4636 ölüm qeydə alınıb. Hazırda xəstəxanalarda cəmi 401 xəstə müalicə alır ki, onlardan 2 nəfərinin vəziyyəti ağırdır.
İndiyədək Honkonqda 10 min 868 yoluxma, 197 ölüm, Makaoda 48 yoluxma, Tayvan adasında isə 942 yoluxma və 9 ölüm qeydə alınıb.
RePost.Az