İqtisadiyyat da daxil olmaqla Azərbaycanla olan münasibətlərimiz inkişaf edir. RePost.Az xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyini sözçüsü Mariya Zaxarova bildirib.
 
"Bilirsiniz adətən hərbi təlimlər Cənubi Qafqazın bütün ölkələri tərifindən keçirilir. Bu təlimlər müntəzəm olaraq keçirilir. Müvafiq məlumat maraqlı tərəflərə əvvəlcədən verilir. Bizdə olan məlumatlara görə adı çəkilən təlimlər planlı xarakter daşıyır. Təlimlər qoşunların hərbi hazırlığının artırılması üçün keçirilir və regionda sabitlik və təhlükəsizlik üçün risk yaratmır", - deyə Zaxarova qeyd edib.
 
Rusiya XİN-in sözçüsü, həmçinin qeyd edib ki, rəsmi Moskva Azərbaycan, Rusiya və Ermənistanın Baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunu fəaliyyəti çərçivəsində Bakı və Yerevanın konstruktiv mövqeyini görür: "Əsas vəzifə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair ən yüksək səviyyədə əldə edilmiş razılaşmaları həyata keçirilməsidir".
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.
 
Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
 
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.
 
Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Baxış sayı: 4701 | Tarix: 12.03.2021
Bizi Telegramda izləyin: @repostaz