Almaniya iyunun 25-dən etibarən AB-yə daxil olmayan ölkələrin tam peyvənd kursu keçmiş vətəndaşlarının ölkə ərazisinə daxil olmasına icazə verəcək.
 
RePost.Az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
 
Bu qayda səfərin məqsədindən asılı olmayaraq, bütün səyahət edənlərə şamil ediləcək.
 
Peyvənd haqqında şəhadətnaməni həm polis, həm də aviaşirkətlər yoxlayacaq. Almaniya hakimiyyəti yalnız AB-də qəbul edilmiş “BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson&Johnson” vaksinləri ilə peyvəndləməni immunitetin mövcudluğunun təsdiqi kimi qəbul edəcək.
 
Xatırladaq ki, Almaniyada koronavirus infeksiyasına yoluxma göstəricisi azalmaqda davam edir. Ötən gün ölkədə 1 076 yoluxma hadisəsi qeydə alınıb. Bununla da ümumi yoluxma sayı 3 720 031 nəfərə çatıb. Son 24 saat ərzində ölkədə 91 COVID-19 xəstəsi vəfat edib ki, bununla ümumi ölüm sayı 90 270 nəfər olub.
 
Bununla belə, Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri Almaniyada koronavirusun Hindistan ştammının yayılması riskinin olduğunu açıqlayıb.
 
Montqomerinin fikrincə, federal torpaqlar karantin məhdudiyyətlərindəki yumşalmaları yenidən nəzərdən keçirməlidirlər.
 
 
 

Baxış sayı: 5518 | Tarix: 18.06.2021
Bizi Telegramda izləyin: @repostaz