İnsan sağ qalmaq uğrunda mübarizə aparmayana qədər hansı gücə malik olduğunu bilmir. Bugünkü qəhrəmanlarımız həyatda qalmaq üçün insan övladının nələrə qadir olduğunu bir daha əyani şəkildə sübut edəcək. Azacıq özünə inam, bir az güclü iradə, bir də həyat eşqi...

RePost.Az möcüzə nəticəsində sağ qalmış insanların inanılmaz həyat hekayəsini təqdim edir.

Bir gündə iki dəfə qəzaya uğrayan insan

Robert Evans bir gündə 2 dəfə yol qəzasına uğrayıb. Birinci dəfə evsiz-eşiksiz koloradolunu avtomobil vurur. Xəstəxanaya aparılıb lazımi tibbi yardım göstəriləndən sonra zərərçəkən sərbəst buraxılıb. Ayağını yenicə bayıra atır ki, bu dəfə kömür daşıyan maşına tuş gəlir. Bədbəxti yenidən həmin xəstəxanaya gətirirlər. Xoşbəxtlikdən, Evans bu dəfə də yüngül zədələrlə ölümün pəncəsindən qurtulur.

7 dəfə ildırım vurub

7 dəfə ildırım vurduqdan sonra "ildırım keçirən adam" adını alan Roy Sallivan Ginnesin Rekordlar kitabına daxil olub. Birinci hadisə 1942-ci ildə baş verib. Sallivan yanğın qülləsində işləyən zaman ildırım onu haqlayıb. Onun baş barmağı dırnaqsız qalıb. İkinci dəfə Royu ildırım 1969-cu ildə dağ yolu ilə hərəkət edərkən vurub. Bu dəfə o, qaşlarını və huşunu itirib. 1970-ci ildə baş verən üçüncü ildırım vurma zamanı Roy sol çiynindən xəsarət alıb, qolları isə iflic olub. 1972-ci ildə dördüncü dəfə ildırım vurarkən Royun saçları yanıb. 1 ildən sonra ildırım yenə Royun saçlarına ziyan vurub. Altıncı ildırım vurma hadisəsi 1976-cı ildə qeydə alınıb. Nəticədə, o, topuğundan ağır xəsarət alıb. Sonuncu ildırım balıqçılıq eşqinə düşən Royu xəstəxanalıq edib. 71 yaşında qarşılıqsız sevgi yaşayan Sallivan odlu silahla intihar edib.

Sağ qalmaq üçün əlini kəsdi

Bu hadisə 2003-cü ildə Yuta ştatında baş verib. Aaron Li Ralsonun əli çay daşının altında qalıb. 127 saat əlini daşın altından çıxarmağa cəhd edən Aaron dözülməz ağrılara tab gətirməklə yanaşı, gündən qorunmağa və susuzluqdan ölməməyə çalışıb. Sağ qalmağa ümidini itirən kişi küt cib bıçağı ilə əlini kəsmək qərarına gəlir. Travmatik şok və qanaxma ilə birtəhər baş edən Aaron ucsuz-bucaqsız səhrada holland turistlərinə rast gəlməklə xilas olur. Onun həyat hekayəsi əsasında "127 saat" filmi də çəkilib.

60 saat dənizin dibində qalan insan

Harrisonun aşpaz işlədiyi yedək gəmisini fırtına Nigeriya sahillərindən 30 kilometr uzağa aparır. Dənizin dibinə qərq olan gəmidən heç kim sağ çıxa bilmir. Kayutaların birindən tapdığı hava döşəkcəsi sayəsində sağ qalan Harrisonu xilasedicilər yalnız 60 saatdan sonra tapırlar.

2 ay qar altında yaşadı

İsveçli Piter Skillberq 2 ay müddətində 30 dərəcə şaxtada ac-susuz qar altında qalmış avtomobildə yaşayıb. Xoşbəxtlikdən qar örtmüş maşını meşədə skuter sürən iki yerli sakin görür. Maraq üçün avtomobilin içinə baxmağa qərar verən gənclərin gözünə orada 2011-ci il dekabrın 19-dan 2012-ci il fevralın 17-nə kimi ac qalan Piter sataşır. Qeyd edək ki, Piter güclü şaxtalara tab gətirən avtomobilinin hesabına sağ qala bilib.

Qar uçqunundan xilas olan insan

Britaniyalı alpinist Avropanın ən hündür zirvəsi olan Monblandan enərkən qar uçqununa düşüb. Peşəkarlığı sayəsində alpinist qarın üzəri ilə sürüşərək 700 metr dərin qar qatına batmaqdan xilas olub.

4 aylıq körpə 3 gün dağıntılar altında qaldı

2011-ci ildə Yaponiyada baş verən zəlzələ və sunamidən sonra minlərlə insan həlak oldu. İsinomaki şəhərində isə əsl möcüzə baş verdi. 4 aylıq körpə 3 gündən sonra dağıntılar altından sağ-salamat çıxarıldı. Həkim müayinəsindən keçmiş uşaq dərhal onu sağ görməyə ümidini itirən atasına təhvil verilib. (Publika.az)

 

Baxış sayı: 6069 | Tarix: 19.02.2017
Bizi Telegramda izləyin: @repostaz