Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında görüş olub.
 
APA-nın Gürcüstan bürosu xəbər verir ki, görüş BMT Baş assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində baş tutub. Gürcüstan Baş nazirinin administrasiyasından verilən məlumata görə, təkbətək və geniş tərkibdə baş tutan görüşlər zamanı regiondakı vəziyyətlə bağlı müzakirələr aparılıb.
 
Söhbət Ermənistan və Azərbaycan arasında ABŞ və Gürcüstanın vasitəçiliyi ilə saxlanılan ermənilərin və minalanmış ərazilərin xəritələrinin mübadiləsinə dair razılaşmaya fokuslanılıb. Qeyd olunub ki, bu razılaşma qonşu ölkələr arasında əməkdaşlığın inkişafı üçün yaxşı əsas verir. İ. Qaribaşvili Gürcüstanın regiondakı əsas məqsədinin Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləmək olduğunu qeyd edib. Baş nazir Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsində Prezident R. T. Ərdoğanın səylərini xüsusi vurğulayıb. Ölkələr arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının bu il keçiriləcəyinə ümidvar olduğunu qeyd edib.
 
Görüş zamanı çoxtərəfli əməkdaşlığa da diqqət ayrılıb, müxtəlif sektorlara dair məsələlərin müzakirə edildiyi Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatının böyük önəm daşıdığı qeyd olunub.
 
İ. Qaribaşvili Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə R. T. Ərdoğana təşəkkür edib.

Baxış sayı: 7171 | Tarix: 22.09.2021
Bizi Telegramda izləyin: @repostaz