Ermənistan və Gürcüstan hökumətləri iranlıların bu ölkələrə girişlərini qadağan ediblər.
 
"Azad İran" Telegram kanalı xəbər verir ki, bu barədə həmin ölkələrə getmək istəyən iranlıların özləri məlumat yayıblar.
 
Bildirilir ki, Gürcüstanda hətta yaşamaq icazəsi, evi və biznesi olan iranlılar da bu ölkəyə buraxılmır. 
 
Bu yaxınlarda ictimai şəbəkələrdə iranlılardan biri yaydığı video da bildirir ki, Almaniya vətəndaşlığı olmasına və iki doza "pfizer" vaksini vurdurmasına rəğmən, o, Gürcüstana buraxılmayıb. Bu vəziyyətdən narahat olanların bir çoxu artıq Türkiyədə yaşamağa üz tutub. 
 
Hazırda həm Ermənistanda, həm də Gürcüstanda yaşamaq icazəsi olan iranlılar və bu ölkələrə yük daşıyan sürücülər yaranmış vəziyyətdən "narahatdırlar". Gürcüstan ötən illərdə dəfələrlə oxşar qərarlar qəbul edib və bu məsələ ara- sıra Tehranla Tiflis arasında diplomatik gərginliyə səbəb olub. 
 
Qeyd edək ki, İranda hökumətin yarıtmaz siyasəti nəticəsində son illər yaşanan kəskin yoxsulluq və işsizlik səbəbindən ölkə vətəndaşlarının böyük əksəriyyəti Türkiyə, BƏƏ (İmarat), Gürcüstan, Ermənistan və digər qonşu ölkələrə üz tuturlar. Lakin gələnlərin çox olması səbəbindən mühacir problemi ilə üz-üzə qalan bu ölkələr tez-tez iranlıların öz ölkələrinə girişinə imkan vermirlər.
 
İranlı sürücülərin Ermənistana gedə bilməməsinin əsas səbəbi Azərbaycan Cümhuriyyətinin Gorus-Qafan yolunda gömrük postu quraraq İrandan Ermənistana və əksinə hərəkət edən yük maşınlarından gömrük rüsumu tutmasıdır. 
Azərbaycan Cümhuriyyəti İrana Rusiya sülhməramlılarının müvəqqəti qərarlaşdığı Azərbaycan ərazilərinə qanunsuz olaraq şübhəli yüklər göndərməyi dayandırmaqla bağlı xəbərdarlıq etsə də, bu baş vermədi. Nəticədə Azərbaycan sözügedən yolda gömrük postu quraraq İran yük maşınlarına gömrük rüsumu tətbiq etməklə yanaşı, qanunsuz olaraq yenə də Xankəndiyə yük aparan 2 iranlı sürücünü həbs etdi. 

Baxış sayı: 5708 | Tarix: 22.09.2021
Bizi Telegramda izləyin: @repostaz