Fizuli beynəlxalq hava limanı iqtisadi, nəqliyyat və logistika ilə bağlı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üçün böyük imkanlar yaradır.
 
"APA-Economics"in məlumatına görə, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK-Azərbaycan") sədri Fərid İsayev "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatın növbəti nəşrinin təqdimatında çıxış edərkən deyib.
 
Onun sözlərinə görə, bununla yanaşı, xarici investorlar, Almaniya şirkətləri bu böyük prosesdə iştirak etmək niyyətindədirlər.
 
"Bu əraziyə maraq göstərən investorlar adətən daha çox yeniliklər əldə etmək istəyirlər, hansı planlar var, hansı imkanlar olacaq? Biz anlayırıq ki, bu, böyük bir prosesdir və bu prosesi bir neçə tərəfdən idarə etmək lazımdır. Burda digər mülahizələr də var. Məsələn, müvafiq təcrübənin və ekspertizanın olması önəmlidir və yəqin ki, bir motivasiya olmalıdır. Eyni zamanda, iştiraketmə forması da, əlbəttə ki, böyük fərq yarada bilər. "AHK-Azərbaycan"ın üzvləri bu əməkdaşlığı təmin etmək üçün platforma yaratmağa hazırdır. Bunu daha səmərəli etmək üçün lazım olan resurslarmız da var. Biz inanırıq ki, ümumi məqsədə nail olmaq üçün əlimizdən gələni edib, töhfə verə bilərik", - deyə F. İsayev qeyd edib.
 
Xatırladaq ki, "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatı "AHK Azərbaycan"ın "KPMG Azərbaycan"la birgə əməkdaşlıq çərçivəsində hazırlayıb dərc etdiyi müstəqil nəşrdir. Bu ilin may-iyul aylarında aparılan onlayn sorğunun nəticələri əsasında formalaşan bu hesabat, ölkədə investisiya mühitinə xüsusi diqqət ayırmaqla xarici şirkətlərin fəaliyyəti haqqında rəyləri əks etdirir. Onlayn keçirilən bu sorğu ümumi, mövcud iqtisadi vəziyyət, və eləcə də yaxın gələcəkdəki iqtisadi perspektivlərlə bağlı əsas məlumatları əhatə edən 21 sualdan ibarətdir. Sorğuya həmçinin ölkədəki investisiya mühitini və ölkəyə xarici kapital axınını daha da yaxşılaşdırmaq məqsədilə zəruri islahatların paralelində, davam edən iqtisadi islahatların səmərəliliyinə dair suallar daxil edilib. Ən son yenilikləri nəzərə alaraq, bu ilki nəşrdə bəzi suallar bir qədər dəyişdirilib və şirkətlərin Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi canlanmasında iştirak etmək niyyətlərini anlamaq üçün iki yeni sual da sorğuya əlavə edilib.

Baxış sayı: 6278 | Tarix: 23.09.2021
Bizi Telegramda izləyin: @repostaz