Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb.
 
RePost.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
 
VIII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dedi: Cənab Prezident, Sizin çıxışınızı səbirsizliklə eşitmək istəyirik.
 
Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış etdi.
 
Prezident İlham Əliyevin çıxışı:
 
-Hörmətli dostlar, hörmətli xanımlar və cənablar, hörmətli Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, hörmətli iştirakçılar. Sizin hamınızı salamlayıram. Bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirmək istəyirəm.
 
Mərkəzin həmsədrləri ilə 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə biz burada - Bakıda belə geniş təqdimatların olacağını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, birinci növbədə onu göstərir ki, COVID ilə bağlı vəziyyət yaxşılaşır. İkinci növbədə isə, əlbəttə ki, həmçinin onu göstərir ki, siz bu tədbirə böyük əhəmiyyət verirsiniz. Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.
 
Əvvəlcə, mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, xanım Prezident Vayra Vike-Freyberqaya və cənab Serageldinə Mərkəzə mükəmməl rəhbərlik etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Hətta pandemiya dövründə onların fəaliyyəti çox nəzərə çarpırdı. Məhz onların rəhbərliyi, Mərkəzə və onun ideallarına sadiqliyi sayəsində bu Mərkəz, qeyd etdiyim kimi, aparıcı beynəlxalq təsisatlardan birinə çevrildi. Mən, həmçinin İdarə Heyətinin üzvlərinə onların verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin daimi üzvlərə və iştirakçılara da təşəkkür edirəm.
 
İdarə Heyətinin üzvləri ilə dünən müzakirə etdiyimiz kimi, bura sanki böyük və mehriban ailədir. Hesab edirəm ki, bu da bizim uğurumuzun səbəblərindən biridir. Sadəcə, bu gün olan iştirakçıların, çıxışçıların, Foruma müraciət edəcək mötəbər şəxslərin siyahısına baxmaq kifayət edər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nisbətən qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan çox azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyini deyək. Beləliklə, bugünkü Qlobal Bakı Forumunda gündəlikdə duran təxirəsalınmaz məsələlər müzakirə olunacaq.
 
Lakin bu məsələlərin müzakirəsindən öncə məmnunluq hissi ilə bildirmək istəyirəm ki, dünən mənə bu il 880-ci ildönümünü qeyd etdiyimiz Nizamiyə həsr olunmuş iki kitab təqdim edilmişdir və mənim Prezident Fərmanıma əsasən bu dahi Azərbaycan şairinin xatirəsini uca tutmaq üçün bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Bugünkü Forumun gündəliyi çox genişdir. Lakin mən, əvvəlcə, bir neçə məsələyə toxunmaq istərdim.
 
Birincisi, əlbəttə ki, pandemiya ilə bağlıdır. Çünki bu indi qlobal gündəlikdə bir nömrəli məsələdir. Biz pandemiya, bəziləri isə postpandemiya dövrü haqqında danışır. Bizim artıq postpandemiya dövründə olduğumuz aydın deyil. Çünki müxtəlif ölkələr bu məsələyə fərqli yanaşır. Sizə məlumat vermək istəyirəm ki, Azərbaycan bu xəstəliyin, böhranın baş qaldırdığı vaxtdan, lap əvvəldən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atmışdır. Biz bu ilin yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başladıq. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində biz ümumi çarpayı sayı demək olar ki, 4 min olan 13 yeni dövlət xəstəxanası açdıq və ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün 46 dövlət xəstəxanası ayrılmışdır. İndi bizdə qapanma yoxdur. Vəziyyət nəzarət altındadır. Yeganə məhdudiyyət ondan ibarətdir ki, biz daxili məkanlarda maska taxmaq məcburiyyətindəyik. Ümidvaram ki, biz vəziyyəti nəzarət altında saxlaya biləcəyik.
 
Eyni zamanda, biz, həmçinin əvvəllər olan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər gördük. Biz işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırdıq və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir. Biz, bunu etməyə davam edəcəyik, çünki biz özlərini tamamilə yeni bir vəziyyətdə görən insanların üzərinə düşmüş yükü azaltmalıyıq. Biz əsasən iki peyvənddən istifadə edirik. “Sinovac” və “Pfizer”dən. Qeyd etdiyim kimi, peyvəndləmə səviyyəsi yüksəkdir. Bu, əlbəttə ki, dövlət siyasəti sayəsində mümkün olmuşdur. Eyni zamanda, bildirmək istərdim ki, əhalimizin bu məsələyə çox məsuliyyətlə yanaşması bizdə məmnunluq doğurur və peyvəndləmə məcburi deyil. Bizdə hər hansı bir antipeyvəndləmə kampaniyası və ya hətta antipeyvəndləmə tendensiyası yoxdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu, bizim işimizi xeyli asanlaşdırır. Qlobal miqyasda Azərbaycan, həmçinin çox fəal addımlar atıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il bizim təşəbbüsümüzlə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi.
 
Qoşulmama Hərəkatının Sammitində biz BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdik və bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdir və bu xüsusi sessiya keçən ilin 3 və 4 dekabr tarixlərində baş tutdu.
 
Bu, bizim qlobal məsələlərin müzakirəsinə olan töhfəmiz idi. Eyni zamanda, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük. Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik.
 
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bizim təşəbbüsümüzlə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Biz təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək.
 
Toxunmaq istədiyim digər bir mövzu, Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzudur – Ermənistan–Azərbaycan münaqişəsi. Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib ki, ötən il ərazilərimizi azad edərkən gördüyümüz işlər buna tam uyğun idi.
 
Təəssüf ki, Ermənistan yalnız status-kvonu möhkəmləndirmək, danışıqlar formatını yalnız münaqişənin əbədi dondurulması aləti kimi istifadə etməyə cəhd edirdi. Əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bəyan edirdi. Bununla bağlı kifayət qədər sübut var. Təkcə Ermənistanın hazırkı baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində iki il əvvəl verdiyi bəyanatı qeyd etmək kifayət edər – “Qarabağ Ermənistandır və nöqtə”. Bu, əslində, danışıqların sonu idi. Birincisi, bu ziddiyyətli və yalan bəyanat idi, çünki Ermənistan rəhbərliyi iddia edirdi ki, Qarabağ “müstəqil dövlətdir”. Halbuki Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsi onu tanımamışdı. Digər tərəfdən isə onlar deyirdilər ki, “Qarabağ Ermənistandır”. Yəni bu ziddiyyət Ermənistanın ötən il üzləşdiyi rüsvayçı məğlubiyyətlə nəticələnən təzadlı siyasətinin göstəricisi idi.
 
Beləliklə, bu qəbildən olan bəyanatlar danışıqların sonu oldu. Mənim təəssüratıma əsasən, ATƏT-in Minsk qrupunun həmsədrləri də bu bəyanatdan təəccüblənmiş və pərt olmuşdular, çünki artıq onların görə biləcəyi bir iş qalmamışdı.
 
Digər bir bəyanat, Ermənistanın o zamankı müdafiə naziri tərəfindən verilmişdir. O, açıq şəkildə bəyan edirdi ki, Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Yəni, Azərbaycanın daha çox ərazisini işğal etməklə bağlı aşkar hədələmə. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri səssiz qaldılar, bunu pisləmədilər və bunun qəbuledilməz olması ilə bağlı hətta mesaj belə vermədilər. Ermənistan rəhbərliyinin atdığı bir sıra digər addımlar və verdiyi bəyanatlar Azərbaycanı təhrik etməyə yönəlmişdi. Mən separatçıların qondarma “prezidentinin” Şuşada keçirilən dırnaqarası “inauqurasiyasını” qeyd edə bilərəm. Bu, azərbaycanlıların hisslərinin açıq şəkildə təhqiri idi.
 
Mən, həmçinin separatçıların dırnaqarası “parlamentinin” Xankəndidən Şuşaya keçirilməsi haqqında Ermənistanın qərarı barədə deyə bilərəm. Bu, azərbaycanlıların hisslərinə növbəti təhqir idi. Ermənistan rəhbərliyi başa düşməli idi ki, xalqımızın hisslərini təhqir etmək iqtidarında deyillər. Hər səbrin hüdudu var.
 
Sonra, 2020-ci ilin iyulunda onlar sərhəddə açıq hərbi təxribata əl ataraq, mülki şəxslərimizi və hərbçilərimizi qətlə yetirdilər. 2020-ci ilin avqustunda diversiya qrupu göndərdilər ki, terror aktı törətsinlər. O, zərərsizləşdirildi. Son olaraq sentyabrda onlar Azərbaycanın dinc kəndlərini atəşə tutmağa başladılar.
 
Vətən Müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi 44 gün çəkdi və Ermənistan ordusunun tam məğlubiyyəti ilə bitdi. Ermənistan bizim şərtlərimizi qəbul etməyə məcbur edildi. Müharibənin ilk günlərində deyirdim ki, Ermənistanın baş naziri mənə işğal olunmuş ərazilərdən çıxmaq tarixlərini verəndən sonra biz dayanmağa hazırıq.
 
Ermənistan rəhbərliyinə təxminən 7000 qurban və 44 gün lazım gəldi ki, özünün tam acınacaqlı vəziyyətdə olduğunu başa düşsün. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə bitdi. Biz öz sözümüzü yerinə yetirdik. İşğal olunmuş qalan ərazilərdən çıxmaq cədvəli verildikdə müharibə dayandı. Dörd gün sonra Azərbaycan xalqı tarixi Qələbəmizin birinci ildönümünü qeyd edəcək.
 
Azad edilmiş ərazilərdə biz nəyi gördük? Tam dağıntılar baş verib, bir dənə olsun bina salamat qalmayıb. İşğal illəri ərzində onlar bütün tarixi abidələri, 67 məsciddən 65-ni dağıdıblar. Evləri, həyətləri, ictimai binaları və sair tikililəri yerlə-yeksan ediblər. Bu, barbarlığın sübutudur.
 
Hazırda biz azad edilmiş əraziləri fəal şəkildə bərpa edirik. Genişmiqyaslı bərpa proqramına başlanılıb. Əminəm ki, qısa müddət ərzində biz Ermənistanın işğalından əziyyət çəkmiş məcburi köçkünləri, bir milyondan çox insanı həmin yerlərə qaytara biləcəyik. Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. Siz öz məqsədinizə sadiq olmalısınız, yaxşı hazırlaşmalısınız, beynəlxalq hüquq çərçivəsinə malik olmalısınız və insanların yüksək səviyyədə iradəli olmasına nail olmalısınız. Bütün həmin meyarlar, o cümlədən hərbi imkanlarımız münaqişənin həllində əsas amil oldu. Hazırda münaqişə bitib və qeyd etdiyim kimi, yenidənqurma başlayıb. İndi biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik.
 
Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik. Bu, həmçinin beynəlxalq hüquq normalarına və normal davranışa uyğundur. Bu təklifə də hələ baxılmayıb.
 
Təxminən 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Biz gələcəyə nəzər salmalıyıq. Biz regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Bu barədə müxtəlif təkliflər var. Ola bilsin, siz onlar haqqında eşitmisiniz. Hesab edirəm ki, hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır. Bu gün bir daha deyirəm ki, biz hazırıq, sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq. Görəcəksiniz ki, Ermənistandan cavab gəlməyəcək. Demək olar ki, bir ildir susurlar. Hesab etmirəm ki, hazırda onlar Azərbaycanın konstruktiv təklifinə qarşı çıxmaq mövqeyində deyillər. Əgər, onlar əvvəlki danışıqlar illərində bizi dinləsəydilər, özlərini normal insan kimi aparsaydılar, bugünkü vəziyyətə düşməzdilər.
 
Vaxtınızı çox almayaraq, digər sonuncu məsələni də qeyd etmək istərdim, çünki o, ötən ilin kölgəsində qalan məsələ oldu. Lakin o, tək bizim üçün deyil, bütün region üçün əhəmiyyətlidir. Bu, Cənub Qaz Dəhlizinin tikintisinin başa çatdırılmasıdır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Transadriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün həqiqətən tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır. O, şaxələndirmənin mühüm alətidir. Cənub Qaz Dəhlizinə gəldikdə isə, söhbət nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsindən gedir. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib - Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir. Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Bu, göstərir ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan məsuliyyətli ölkə, hasilatçı və ixracatçı kimi, – hazırda tək nefti deyil, qazı da ixrac edirik, – gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacaq.
 
Bununla mən çıxışımı bitirmək istəyirəm və çox vaxt almamaq məqsədilə sizə bizimlə olduğunuza görə bir daha təşəkkürümü bildirirəm və Foruma uğurlar arzulayıram.
 
Sağ olun.
 
X X X
 
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç Forumda iştirak etməkdən məmnun olduğunu bildirərək dedi: Cənab Prezident Əliyev, Sizə, Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm. Bir daha Sizi ötən il Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı Bəyanatın imzalanması münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu, Azərbaycanın həmin ərazilərinin reinteqrasiyasında böyük rol oynayan bəyanat olacaq.
 
Şefik Caferoviç diqqəti 5 milyon insanın ölümünə səbəb olan COVID-19 pandemiyasına çəkdi, bu vəziyyətin dünyanın gələcəyi ilə bağlı qarşıda yeni vəzifələr qoyduğunu qeyd etdi. “Vəziyyət heç vaxt əvvəlki kimi olmayacaq, artıq dünya dəyişdi”, - deyən Şefik Caferoviç vurğuladı ki, COVID-19 hamıdan ümumi səylərin göstərilməsini tələb edir. Çünki bu böhran təkbaşına aradan qaldırıla bilməz.
 
Latviya Prezidenti Eglis Levits videomüraciətində bildirdi ki, dünyanın hazırkı vəziyyəti dəqiq nizam-intizam və qlobal səfərbərlik tələb edir. Latviya Prezidenti bu istiqamətdə Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirərək dedi: Bu baxımdan mən koronavirusa cavab olaraq 2020-ci ilin dekabrında BMT-nin Baş Assambleyasında xüsusi sessiya təşəbbüsü ilə çıxış etmiş Azərbaycanı alqışlamaq istərdim. Bu tədbir pandemiyaya qarşı qlobal səylərin səfərbər olunması məqsədilə BMT platformasının idarə olunmasına çox gözəl nümunə oldu. Ötən il Latviyanın COVID-19 şəraitində yalan məlumata qarşı mübarizə ilə bağlı BMT daxilində irəli sürdüyü regionlararası bəyanata verdiyi dəstəyə görə Azərbaycana bir daha təşəkkür etmək istəyirəm.
 
Prezident Eglis Levits Qlobal Bakı Forumunu dünyanı narahat edən vacib məsələlərin həll variantlarını bölüşmək üçün mühüm platforma adlandırdı.
 
Tədbir iştirakçılarını salamlayan Böyük Britaniyanın Azərbaycandakı səfiri Filip Barkley Böyük Britaniya Hökuməti və öz adından Qlobal Bakı Forumuna uğurlar arzuladı.
 
Səfir Böyük Britaniyanın Baş naziri Boris Consonun Foruma ünvanladığı müraciətin mətnini oxudu:
 
“Hörmətli Prezident İlham Əliyev.
 
Sizə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin builki Qlobal Bakı Forumunun bütün iştirakçılarına ən xoş arzularımı çatdırmaqdan məmnunam. Ümid edirəm ki, builki tədbir əvvəlkilər qədər uğurlu olacaq.
 
Gələn il Birləşmiş Krallıq ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək. Son 30 il ərzində əlaqələrimiz inkişaf edib və Birləşmiş Krallıq-Azərbaycan əməkdaşlığı hazırda yüksəliş dövrünü yaşayır.
 
Biz Sizin ən böyük investorunuz olaraq qalırıq, lakin bizim əlaqələrimiz bundan da uzağa gedir.
 
Birləşmiş Krallıq Azərbaycanın beynəlxalq məsələlərdə artan rolunu, həmçinin kimyəvi silahların istifadə olunmasına qarşı mübarizədə və narkotik vasitələr qaçaqmalçılığının qarşısının alınmasında dəstəyini, Qoşulmama Hərəkatında sədrliyini və son təxliyələr zamanı Kabil hava limanının təhlükəsizliyinin təmin olunmasında Azərbaycan hərbçilərinin göstərdiyi köməyi alqışlayır.
 
Birlikdə üzləşdiyimiz ən böyük beynəlxalq çağırış iqlim dəyişikliyidir. Bu Forum qlobal istiləşməni məhdudlaşdırmaq kimi ümumi məqsədimizə çatmaq üçün mühüm imkan yaradan COP26 ilə eyni vaxtda keçirilir. Ümid edirəm ki, COP26 davam etdiyi bir vaxtda Azərbaycan çox uğurlu nəticələr əldə etmək istiqamətində öz rolunu oynayacaq. Mən Sizin “yaşıl enerjiyə” verdiyiniz xüsusi dəyəri və Azərbaycanda bərpa olunun enerjinin rolunun artırılması planlarınızı alqışlayıram. Sizin son 27 il ərzində strateji tərəfdaşınız olan BP Azərbaycanda bu keçidi daha çox dəstəkləmək istəyir.
 
Birləşmiş Krallıq Qafqaz regionunda sülh və sabitliyi, eləcə də postmünaqişə problemlərinin həllini dəstəkləməyə davam edir. Mən minalar və partlamamış silah-sursatlardan həlak olanlar və yaralananlar barədə xəbərlərdən dəhşətə gəlirəm. Biz Birləşmiş Krallıqda - həm hökumət, həm də Britaniya şirkətləri olaraq – bu problemlərin həlli üçün Azərbaycanın milli minatəmizləmə proqramına və BMT İnkişaf Proqramının mina təmizləmə fəaliyyətinə dəstək göstərməklə mina riskləri barədə məlumatlandırmaya və dünya səviyyəli təcrübəmizi təklif edərək töhfə veririk.
 
Birləşmiş Krallıq bütün region dövlətlərini, ilk növbədə, Piyada Əleyhinə Mina Qadağası Konvensiyası olmaqla, müvafiq sazişlər imzalamaq istiqamətində də addımlar atmağa çağırır.
 
Mən, həmçinin bütün ölkələri Qadınlar, sülh və təhlükəsizlik üzrə Milli Fəaliyyət planının qəbul olunması ilə qadınların sülh quruculuğunda xüsusi rolunun formalaşdırılmasını təşviq edirəm. Fürsətdən istifadə edərək, Azərbaycan cəmiyyətində xüsusi rol oynayan qadınlara British Council Məzunları Mükafatının qaliblərinə, Azərbaycanda qadınların rolunu dəstəkləyən və ölkələrimizin, bütün vətəndaşlarımızın mənafeyi üçün səmərəli şəkildə birgə işləməsinə təkan verən Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonun fəaliyyətinə hörmətimi bildirirəm.
 
Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq. Gələcək illərdə tərəfdaşlığımızın davamlı inkişafına ümid edirəm”.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından çıxış edən Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım da Forumun əhəmiyyətini vurğulayaraq dedi: Bakı Forumunun mövzusunun “COVID-19-dan sonrakı dünya” olaraq müəyyənləşdirilməsini də vaxtında və tam yerində olan düşüncə olaraq görürəm. Forumun həmsədrlərini və bütün heyətini bu gözəl mövzuda toplantı təşkil etdikləri üçün təbrik edirəm.
 
Binəli Yıldırım çıxışında pandemiya dövründə Türkiyədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışdı, səhiyyə sektorunda görülən işlərə diqqət çəkdi. O, regionumuzda sabitliyin bərqərar olmasının vacibliyini vurğuladı və Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətinə toxunaraq dedi: Qırx dörd günlük müharibədən sonra Azərbaycan illərdir səbirlə Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Minsk qrupu tərəfindən həll yolu gözləyərkən bir nəticə əldə etmədikdə öz torpaqlarında öz qərarını verdi və haqlı mübarizəsini 44 günün içərisində Zəfərlə başa çatdırdı. Bu günlərdə o Zəfərin birinci ildönümüdür. Təbii ki, şəhidlər oldu, onlara Allahdan rəhmət diləyirəm. Həyatını itirən insanlar oldu, acılar yaşandı. Amma nəticədə bir haqsızlıq tamamilə ortadan qalxmış oldu.
 
Artıq önümüzə baxmalıyıq. Bu, nədir? Qafqazda daha çox rəqabət yerinə, daha çox əməkdaşlıq. Bu məsələdə də Türkiyə olaraq, bizim təklifimiz var. Türkiyə ilə Ermənistanın əlaqələri də uzun illərdən bəri yaxşı sayılmaz, dondurulmuş vəziyyətdədir. Qarabağ problemi aradan qalxdığına görə müraciətimiz budur: Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya və İran başda olmaqla, Xəzərin şərqindəki ölkələri də əlavə etməklə regional əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik. Bunun üçün fürsətlər və infrastruktur mövcuddur. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələr bu baxımdan hazırlanmış layihələrdir. Bunlar bir ölkəyə aid deyil, həm Qafqazın, həm Avropanın, həm də Orta Asiyanın birlikdə istifadə edəcəyi layihələrdir. Bu baxımdan məqsədimiz başlanğıcda bölgəmizdəki ölkələrin insanlarının rifahını daha da yüksəltmək, dostluqları artırıb, düşmənçilikləri azaltmaq olmalıdır.
 
Sonra Roma Papası Fransiskin xüsusi müraciəti tədbir iştirakçılarına çatdırıldı. VIII Qlobal Bakı Forumunun iştirakçılarına xeyir-duasını yetirən Fransisk Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə təsadüf edən bu mühüm tədbiri beynəlxalq birlik rəmzi kimi dəyərləndirib. COVID 19-un Forumun gündəliyinin əsas mövzularından biri olmasının əhəmiyyətini xüsusi vurğulayan Roma Papası tədbir iştirakçılarına uğurlar arzulayıb.
 
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus videobağlantı vasitəsilə çıxış edərək dedi: Hamı üçün bərabər səhiyyə imkanlarının təmin olunması ilə bağlı razılığa gəldik və mən Azərbaycan Prezidentinə öz minnətdarlığımı bildirirəm ki, Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı göstərmişdir və Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslə çıxış etmişdir ki, peyvənd digər ölkələrlə bölüşdürülsün. Bizim multinaturalizm qlobal çağırışlarla mübarizənin aparılması üçün vacib bir məqamdır. Lakin çoxtərəfli səylərimizə və bərabərliyi təmin etmək üçün gördüyümüz işlərə baxmayaraq, bəzi suallar bizdən daha çox həmrəylik tələb edir.
 
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri COVID-19-la mübarizə çərçivəsində cari ilin sonuna qədər planetin əhalisinin ən azı 40 faizinin peyvəndlənməsinin vacibliyini diqqətə çatdırdı. Bunun üçün dünya dövlətlərinin həmrəyliyinin güclənməsinin başlıca vəzifə olduğunu bildirdi. Tedros Adhanom Qebreyesus COVID-lə mübarizədə beynəlxalq səviyyədə səylərini əsirgəməyən Azərbaycana səfərini də məmnunluqla xatırlayaraq dedi: 2018-ci ildə mən məmnunluq hissi ilə Azərbaycana səfər etdim. Azərbaycan Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul olundum və universal səhiyyə paketi məsələsini müzakirə etdik. Biz bu növbəti addıma hazırlaşmalıyıq. Gəlin, bu pandemiyaya bizim gələcəyimizlə bağlı vacib məsələ kimi yanaşaq. Bu, bizim iqtisadi sabitliyimizə aparan yoldur.
 
BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya planeti narahat edən məsələlərin müzakirəsinə xüsusi həssaslıqla yanaşdığına görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlıq etdi. O, COVID-19-un dünyadakı sosial bərabərsizliyi daha qabarıq üzə çıxardığını və bu problemin öhdəsindən uğurla gəlmək üçün beynəlxalq ictimaiyyətin səylərini gücləndirməsinin vacibliyini bildirdi. Bu istiqamətdə BMT-nin üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün həyata keçirilən tədbirlərdən danışdı.
 
Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxın tapşırığı ilə foruma qatılan Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç çıxış edərək dedi: Zati-aliləri Prezident Əliyev, səmimi qonaqpərvərliyə görə və bizə ünvanladığınız xoş sözlərə görə təşəkkür edirəm. Mən, həmçinin Sizi təbrik edirəm. Sizin regionunuzda sülh bərqərar olunub.
 
Pandemiyanın beynəlxalq olimpiya hərəkatına da təsir göstərdiyini deyən Kolinda Qrabar-Kitaroviç vurğuladı ki, cəmiyyətlərin böhranlara qarşı daha müqavimətli olması üçün beynəlxalq əməkdaşlıq vacibdir və həmrəylik heç vaxt arxa plana keçməməli, səhiyyə və peyvəndlər siyasiləşdirilməməlidir. “Beynəlxalq Olimpiya Komitəsi hesab edir ki, COVID-19-a qarşı peyvəndlər bütün ölkələr arasında bərabər paylanmalıdır”, - deyə xanım Kitaroviç qeyd etdi.
 
Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva videomüraciətində bildirdi ki, pandemiya ilə əlaqədar dünya iqtisadiyyatı böyük böhranla üzləşib. 2021-ci ildə iqtisadiyyatların bərpası ilə bağlı müəyyən işlər görülsə də, hələ qarşıda həllini gözləyən vəzifələr var. Dünya əhalisinin 40 faizinin peyvənd olunmasının bu prosesə töhfə verəcəyinə əminliyini bildirən Kristalina Georgiyeva bununla bağlı birgə səylərin göstərilməsinin əhəmiyyətinə toxundu, bunun gələcək iqtisadi şoklara qarşı müqavimətin yaradılması baxımından vacib olduğunu diqqətə çatdırdı. Bununla yanaşı, o, iqlim dəyişikliyi prosesindən danışaraq daha təhlükəsiz dünyanın qurulması yolunda vacib addımların atılmasının zəruri olduğunu vurğuladı.
 
BMT-nin qlobal təhsil üzrə xüsusi elçisi, Ümumdünya Səhiyyə Təşkilatının Qlobal sağlamlığın maliyyələşdirilməsi üzrə səfiri Qordon Braun da videomüraciətində COVID-19-a, həmçinin iqlim dəyişikliyinə qarşı birgə mübarizənin əhəmiyyətindən danışdı. “Pandemiya səhvlərdən nəticə çıxarmaq üçün mühüm hadisədir”, - deyən Qordon Braun ÜST-nin dünya əhalisinin ən azı 40 faizinin peyvənd olunması ilə bağlı təşəbbüsünün bütün ölkələr və ictimai təşkilatlar tərəfindən dəstəklənməsinin, peyvəndlərin bərabər paylanmasının vacibliyini diqqətə çatdırdı.
 
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa COVID-19-dan sonra dünyanın dəyişəcəyini, bu baxımdan Bakı Forumunun budəfəki mövzusunun gələcəyi müzakirə etmək baxımından əhəmiyyətli olduğunu bildirdi. O, Azərbaycan Prezidentinə Qlobal Bakı Forumuna davamlı dəstəyinə görə minnətdarlıq etdi.
 
Vayra Vike-Freyberqa vurğuladı ki, dünyanın problemi təkcə COVID-19 deyil, qlobal iqlim dəyişikliyi də bu sırada az narahatlıq doğurmur. Amma bütün mövcud olan problemlərin qarşısının alınması birgə müzakirələrdən, birgə səylərdən keçir.
 
Həmsədr Vayra Vike-Freyberqa dedi: Çalışırıq həll variantlarını tapaq. Cənab Prezident, biz, sadəcə, bir məsələdə əmin ola bilərik ki, Siz bizə burada Bakıda çox möhtəşəm, gözəl məkan verdiniz. Tədbirimizin keçirilməsi üçün bu məkanı ayırdınız. Bu, beynəlxalq səylərin rəmzinə çevrildi. İdarə Heyətimiz adından Sizə ən səmimi təşəkkürümüzü çatdırırıq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizə təşəkkür edir. Bu Foruma, müzakirələrin keçirilməsinə dəstək verdiyinizə görə minnətdarlığımızı bildiririk. Biz, həmçinin Sizin qərarınızı alqışlayırıq ki, ciddi problemlərin olmasına baxmayaraq, Siz bu ili “Nizami Gəncəvi İli” elan etmisiniz. Siz bu ili dahi şairinizə ithaf etdiniz. Biz bilirik ki, o, böyük mütəfəkkir, şair idi. O da öz dövründə dünyaya töhfə verirdi.
 
Sonra 2021-ci il üçün “Nizami Gəncəvi beynəlxalq mükafatı”nın təqdimatı oldu.
 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bu il bu mükafata Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun və BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovayanın layiq görüldüyünü bildirdi.
 
Tedros Adhanom Qebreyesus bu mükafatı qəbul etməkdən şərəf hissi duyduğunu, bu mükafatı COVID-19-a qarşı ön sırada mübarizə aparan insanlara həsr etdiyini bildirərək dedi: Cənab Prezident, bu mükafat, əslində, həmçinin Azərbaycanın dahi şairi Nizami Gəncəvinin tolerantlıq, müxtəliflik və insansevərlik hisslərinin ifadə olunduğu fikirlərinə bağlılıq kimi qəbul edirəm. Təbii, müraciətlərimdə hər zaman deyirəm ki, Siz Ümumdünya Səhiyyə Təşkilatının məramını dəstəkləyirsiniz.
 
Tatyana Valovaya da mükafata görə təşəkkürünü bildirərək dedi: Bu mühüm medalı qəbul etmək mənim üçün böyük şərəfdir. Dahi şair Nizami Gəncəvi uzaqgörənliyi ilə seçilən bir şəxs olub. Onun dəyərli fikirləri artıq çoxdan öz ana vətənindən kənara çıxıb. O, dünya mədəni irsinin bir hissəsidir. Nizami Gəncəvinin Xəmsə əsərində yazdığı fikirlər BMT-nin də ideyalarına uyğundur.
 
Sonra VIII Qlobal Bakı Forumu öz işini müxtəlif mövzularda müzakirələrlə davam etdirdi.

Baxış sayı: 4188 | Tarix: 04.11.2021
Bizi Telegramda izləyin: @repostaz