Bu gün şəhid pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.
 
Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. Ailədə üç qardaş olublar.
 
O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.
 
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan "Şahinlər" filmində iştirak edərək havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib. Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
 
2019-cu il iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşmüş, qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdür. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunmuşdur.
 
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu tapılmışdır. 20 avqust tarixində isə pilotun nəşi tapılmışdır. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilmişdir.
 
07.05.2021-ci ildə Hərbi Pilot Polkovnik Leytenant Rəşad Atakişiyev-ə Şəhid statusu verilmişdir.
 
Qeyd edək ki, Rəşad Atakişiyev politoloq Qabil Hüseynlinin kürəkəni idi. İki oğlu vardır.

Baxış sayı: 3846 | Tarix: 07.01.2022
Bizi Telegramda izləyin: @repostaz