Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib.
 
Liderlər öncə Kremlin birinci binasının nümayəndəliyində təkbətək görüşüb, daha sonra işgüzar nahar ediblər.
 
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir, çünki bu, Rusiya üçün təhlükə yaradır.
 
Onun sözlərinə görə, əgər Ukrayna NATO-ya daxil olarsa və Krıma hücum edərsə, o zaman Rusiya ilə alyans arasında münaqişə yaranacaq:
 
“Ukraynanın doktrina sənədlərində Krımın hərbi yolla qaytarılmasının mümkün olduğu bildirilirsə, təsəvvür edin ki, Ukrayna NATO-nun üzvüdür, bu o deməkdir ki, Rusiya ilə NATO arasında hərbi qarşıdurma yaranacaq. NATO ilə döyüşməliyik? Ancaq sualın ikinci hissəsi də var: Rusiya ilə döyüşmək istəyirsinizmi? Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz? Amma belə də olacaq!”.
 
Putin vurğulayıb ki, Rusiyanın narahatlığını ümumi Avropa təhlükəsizliyi ilə bağlı məsələlər də diktə edir. Rusiyanın prezidenti hesab edir ki, Rusiya ilə NATO arasında hərbi münaqişə baş verərsə, qaliblər olmayacaq.
 
“Mən danışdım, amma çox istərdim ki, nəhayət məni eşidin və bunu internetdə oxucularınıza, izləyicilərinizə və istifadəçilərinizə çatdırasınız: başa düşürsünüzmü, ya yox ki, Ukrayna NATO-ya üzv olarsa və əgər Krımı hərbi yolla qaytarmaq istəsə, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunmayacaq? Qaliblər olmayacaq. Rusiya Federasiyası nüvə dövlətlərindən biridir”.
 
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqları mənalı adlandırıb və təhlükəsizlik təminatları üzərində birgə işləmək barədə razılığa gəldiyini açıqlayıb: “Avropada sabitliyin və təhlükəsizliyin yeni nizamını təmin etmək üçün birgə işləmək arzusundayıq”.
 
Makron hesab edir ki, Avropada sabitlik və təhlükəsizliklə bağlı sazişlərə yenidən baxılması Avropa ölkələrinin ziyanına olmamalıdır:
 
“Mən düşünmürəm ki, yeni şərtlərin formalaşması sazişlərə və ya fundamental prinsiplərimizə qismən yenidən baxılması və ya Avropa dövlətlərinin hüquqlarının pozulması yolu ilə baş verməlidir. Rusiya 30 ildir qüvvədə olan müqavilələrə yenidən baxmaq istəyir. Qitəmizin təhlükəsizliyi bizdən keçmişin səhvlərindən qaçmağı tələb edir. Ötən illər ərzində Rusiya ilə qurulan strateji və tarixi dialoq irəliləyişə kömək edə bilər”.
 
O, həmçinin vəziyyəti yumşaltmaq üçün yaxın həftələrdə ortaq mövqelər tapmağın zəruriliyini bəyan edib.

Baxış sayı: 4777 | Tarix: 08.02.2022
Bizi Telegramda izləyin: @repostaz